Birləşmiş Ştatlar Polşa ilə ölkənin müdafiəsinin modernləşdirilməsini dəstəkləmək üçün 2 milyard dollarlıq birbaşa kredit sazişi imzaladığını bildirib.
"Polşa ABŞ-ın etibarlı müttəfiqidir və onun təhlükəsizliyi NATO-nun şərq cinahının kollektiv müdafiəsi üçün çox vacibdir. Polşa Ukraynaya beynəlxalq yardımın göstərilməsində mərkəzi rolundan əlavə, müdafiə xərclərinə böyük sərmayə qoymaqla regional təhlükəsizliyin möhkəmləndirilməsinə güclü sadiqliyini nümayiş etdirib”, Dövlət Departamentinin bazar ertəsi açıqladığı bəyanatında deyilir.
Birləşmiş Ştatlar Polşanın 2014-cü ildə Uels sammitində qəbul edilən müdafiə sahəsində investisiyalarla bağlı öhdəliklərini yerinə yetirdiyini qeyd edib. Polşa silahlı qüvvələrini əhəmiyyətli dərəcədə genişləndirməyi planlaşdırır və müdafiənin modernləşdirilməsi proqramını həyata keçirir.
Bundan əlavə, Polşa ABŞ və digər müttəfiqlərin qoşunlarına, eləcə də ABŞ-ın rəhbərlik etdiyi NATO döyüş qrupu və ABŞ-ın 5-ci Ordu Korpusunun ön qərargahına ev sahibliyi edir və bütün regionda NATO missiyalarında fəal iştirak edir.
ABŞ hökuməti həmçinin ABŞ-dan müdafiə məhsulları və xidmətlərinin təcili tədarükünü dəstəkləməklə, Polşanın müdafiə sahəsinin modernləşdirilməsini sürətləndirməyə yardım edəcək 60 milyon dollara qədər yeni kredit ayırır.
Kredit vəsaitlərin Polşa silahlı qüvvələrinin daha da modernləşdirilməsinə xidmət edərək, NATO-nun şərq cinahının gücləndirilməsinə mühüm töhfə olacağı gözlənilir.
Forum