ABŞ senatoru Robert Menendezin korrupsiya ilə bağlı məhkəməsi ona qarşı irəli sürülən bütün ittihamlar üzrə onu təqsirli bilib.
Bir vaxtlar Birləşmiş Ştatların ən nüfuzlu senatorlarından biri Robert Menendez öz vəzifəsindən istifadə edərək, iki biznesmenin zənginlənməsinə kömək etməsi və qoruması, o cümlədən Misir hökumətinin agenti kimi fəaliyyət göstərməsi müqabilində yüz minlərıə dollar rüşvət almaqda təqsirli bilinib. Federal prokuror Damian Uilliams: "Bu işdə şokedici səviyyədə korrupsiya, yüz minlərlə dollar rüşvət, qızıl külçələr və Mercedes Benz avtomobili hallanır. Bu, siyasət deyildi. Bu, mənfəət üçün siyasət idi. Münsiflər heyəti Bob Menendezi öz səlahiyyətlərini ən yüksək qiymət təklif edənə satdığına görə təqsirli hesab etdikdən sonra nəhayət məhkəmə başa çatdı."
Münsiflər heyətinin qərarından sonra Nyu Cersi senatoru Manhetten məhkəməsinin qarşısında ittihamları qəti şəkildə rədd etdi. Robert Menendez: "Münsiflər heyətinin qərarından dərin məyus oldum. Mən tam əminəm ki, qanun və faktlar bu qərarı dəstəkləmir və biz apellyasiya şikayətində uğur qazanacağıq. Mən heç vaxt ictimai xidmət andımı pozmamışam. Mən həmişə öz ölkəmin vətənpərvəri olmamışam. Mən heç vaxt xarici agent olmamışam".
Doqquz həftə davam edən məhkəmədə münsiflər heyəti müzakirələrə cümə günü başlayıb və qərarın əldə edilməsi üçün üç gün ərzində 12 saatdan çox vaxt sərf edib. Keçmiş Federal prokuror Neama Rəhmani: "Bu, tarixi bir hökmdür, çünki senator Menendez təkcə korrupsiyada deyil, həm də xarici hökumətin agenti kimi fəaliyyətdə ittiham olunur."
Rəhmani senatorun illərini dəmir barmaqlıqlar arxasında keçirə biləcəyini deyir. "Bəzi maddələr üzrə maksimum cəza 20 il həbs cəzasıdır. Bu ittiham və hökm Bob Menendez kimi nüfuzlu və yüksək rütbəli senator da daxil olmaqla, heç kimin qanundan üstün olmadığını göstərir. Əgər qanunu pozsan, rüşvət alsan, həbs ediləcəksən və məhkum olunacaqsan."
ABŞ Konstitusiyası Konqresə senator Menendezi uzaqlaşdırmaq səlahiyyəti verir. Lakin Boston Universitetinin professoru Tomas Ueylenin dediyinə görə bu, asan məsələ deyil. "Üzvü kənarlaşdırmaq üçün Senatın üçdə ikisinin razılığını əldə etmək çox çətin bir işdir və bu, məsələnii çox çətinləşdirir. Fikrimcə Respublika tarixində 15 senator qovulub. Konstitusiyanı hazırlayanlar bunu bir növ çətinləşdirib, kütlənin ehtirasına görə, qanunvericilərin xaric edilməsini istəməyiblər."
Menendezin vəkillər qrupu hökmdən apellyasiya şikayəti vermək planının olduğunu bildirib.
Forum