Birləşmiş Ştatlar cümə axşamı bildirib ki, kəşfiyyat icmasında Kremlin Ukrayna qüvvələrinin Rusiyaya və ya hazırda ölkənin şərqində separatçıların nəzarətində olan Ukrayna ərazilərinə hücumunu uydurmaq planlarına dair danılmaz sübutlar var. Belə olan halda, Pentaqonun və Dövlət Departamentinin fikrincə, Rusiya Ukraynaya qarşı hərbi təcavüz etmək üçün bəhanə əldə edə bilər.
"Bizdə məlumat var ki, ruslar yəqin ki, işğal üçün bəhanə uydurmağa çalışırlar" – deyə, Pentaqonun sözçüsü Con Kirbi fevralın 4-də Müdafiə Nazirliyinin mətbuat konfransında bildirib.
O, jurnalistlərə deyib ki, Vaşinqtonun məlumatına görə, Rusiya hökuməti Ukrayna hərbi qüvvələri və ya kəşfiyyatçıları tərəfindən “Rusiyanın suveren ərazisinə və ya rusdilli əhaliyə” hücum təşkil etməyi planlaşdırır. Sonuncu, Ukraynanın şərqində yaşayan xeyli sayda rusdilli əhaliyə aid ola bilər.
“Biz inanırıq ki, bu saxta hücumun bir hissəsi olaraq Rusiya cəsədləri, yas mərasimlərini canlandıran aktyorları və dağıntı şəkillərini nümayiş etdirəcək çox qrafikli təbliğat videosu yaradacaq. Təcrübəmizdən belə çıxır ki, bu cür şeylər Rusiya hökumətinin ən yüksək səviyyələrinin razılığı olmadan baş vermir” – deyə, Pentaqon rəsmisi bildirib.
Rusiyaya və ya əsasən rusdillilərin olduğu Ukrayna ərazisinə saxta hücum planı ABŞ-ın son günlərdə Ukrayna rəsmiləri və Avropa müttəfiqləri ilə paylaşdığı məxfi kəşfiyyat məlumatlarında üzə çıxıb.
Ağ Ev dekabrda Rusiyanı Ukraynaya müdaxilə üçün bəhanə yaratmaqdan ötrü saxta hücum əməliyyatı hazırlamaqda ittiham edib. Böyük Britaniya bu yaxınlarda London tərəfindən Ukrayna prezidenti Volodimir Zelenskini devirməyə cəhd edən Rusiya kəşfiyyat rəsmiləri ilə əlaqədə olmaqda ittiham olunan Ukrayna vətəndaşlarının adlarını çəkib.
"Biz keçmişdə rusların oxşar hərəkətlərini görmüşük və belə bir şey gördüyümüz zaman bunu bildirməyi vacib hesab edirik" – deyə, Con Kirbi qeyd edib.
Pentaqon kəşfiyyatın aşkar etdiklərini dəstəkləyən ətraflı məlumat verməyib.
Kreml isə Amerikanın Rusiyanın təxribat hazırladığına dair məlumatlarını əsassız adlandırır. Eyni zamanda, Moskvanın özü iddia edib ki, Amerikanın hansısa özəl hərbi şirkətindən olan döyüşçüləri kimyəvi maddələrdən istifadə edərək Donbassda təxribatlar hazırlayırlar, lakin buna dair heç bir sübut təqdim edilməyib.