ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiya və Belarusla normal ticarət əlaqələrini dayandıran qanun layihəsini təsdiqləyib.
424 qanunverici sənədi dəstəkləyib, 8-i əleyhinə səs verib.
Qanun layihəsi Senata göndərilir.
Normal ticarət əlaqələrinin dayandırılması o deməkdir ki, Rusiya və Belarus idxalı Amerika bazarında üstünlük verilən ölkə statusunu itirəcək.
Bu, prezident Co Baydenin administrasiyasına Rusiya və Belarus mallarına Ümumdünya Ticarət Təşkilatının (ÜTT) üzvü olan digər ölkələrlə müqayisədə daha yüksək rüsumlar təyin etməyə imkan verəcək.
Bundan əlavə, təşəbbüs ABŞ-ın ticarət danışıqlarındakı nümayəndəsindən Rusiyanın ÜTT-də iştirakının dondurulmasını və Belarusun bu təşkilata qoşulmasının dayandırılmasını tələb edir.
Sənəd 2024-cü il yanvarın 1-dək qüvvədə olacaq. Qanun layihəsinin izahatında “əgər bu ölkələr Ukraynaya qarşı aqressiv hərəkətlərini dayandırsalar, eləcə də müəyyən digər şərtlərlə” ABŞ prezidentinin Rusiya və Belarusla normal ticarət əlaqələrini bərpa etmək imkanının olacağı deyilir.
Qanun layihəsi həm də Maqnitski Qlobal İnsan Hüquqları Aktının müddəalarını genişləndirir və bu, insan hüquqlarını pozan hərəkətlərə görə Rusiya rəsmilərinə qarşı sanksiyaların tətbiqini asanlaşdıracaq.
ABŞ və onun NATO-dakı müttəfiqlərinin Rusiya ilə normal ticarət əlaqələri rejimindən çıxmaq niyyətini daha əvvəl ABŞ prezidenti Co Bayden bəyan etmişdi.
Onun sözlərinə görə, NATO-ya üzv olan hər bir ölkə Rusiyanı ən əlverişli dövlət rejiminin üzvü statusundan məhrum etmək üçün addımlar atmağa hazırlaşır.
Bu arada, Senatın əksəriyyət lideri Çak Şumer cümə axşamı Konqresin yuxarı palatasında Rusiyanın ticarətdə ən əlverişli ölkə kimi daimi statusunun ləğvi ilə bağlı qanun layihəsi üzərində davam edən işlər barədə bəyanat verib.
“Artıq bir neçə həftədir ki, Senat, Nümayəndələr Palatası və Ağ Evin üzvləri Putinin Rusiyası üçün ağrılı nəticələri artıracaq və avropalı müttəfiqlərimizin qəbul edəcəyi güclü və effektiv qanun layihəsinin mətni üzərində birgə işləyirlər” – deyə, Şumer izah edib.
“Bu gün hər iki partiya, demokratlar və respublikaçılar, Putinə aydın mesaj göndərmək istəyində yekdil olaraq qalırlar: o, Ukrayna xalqına qarşı göstərdiyi qeyri-insani zorakılığın və dağıdıcı fəaliyyətinin fəsadlarını ödəməli olacaq. Aşağı palatada bu günkü səsvermə bunu həyata keçirməyin bir yoludur” – deyə, o qeyd edib.
Şumer qanun layihəsinin Senatda geniş ikipartiyalı dəstək alacağını proqnozlaşdırıb.
"Və mən həmkarlarımla birlikdə mümkün qədər tez onu yuxarı palataya daxil etməyin yollarını tapmağa çalıçacağam" – deyə, o bildirib.