Accessibility links

ABŞ Qara dəniz üzərində kəşfiyyat missiyasını davam etdirəcəyinə söz verib


Birləşmiş Ştatlar çərşənbə axşamı Rusiyanın qırıcı təyyarəsinin onun pilotsuz təyyarəsi ilə toqquşması və Amerika təyyarəsinin suya düşməsindən sonra belə, Ukrayna yaxınlığında Qara dəniz üzərində kəşfiyyat missiyasını davam etdirəcəyinə söz verib.

ABŞ-ın müdafiə naziri Lloyd Ostin Rusiyanın 13 aylıq işğalına qarşı Ukraynanı dəstəkləyən müttəfiq ölkələrin müdafiə rəsmilərinə "Birləşmiş Ştatlar beynəlxalq hüququn icazə verdiyi yerdə uçmağa və fəaliyyət göstərməyə davam edəcək" deyib.

"Təyyarələrini təhlükəsiz və peşəkar şəkildə idarə etmək Rusiyanın borcludur" - deyə, Ostin Pentaqonda virtual görüşdə həmkarlarına bildirib.

Onun sözlərinə görə, ABŞ-ın vurulmuş MQ-9 pilotsuz təyyarəsi çərşənbə axşamı beynəlxalq hava məkanında adi əməliyyatlar həyata keçirərkən rus təyyarələri "təhlükəli, ehtiyatsız və qeyri-peşəkar hərəkətlər edib".

Ostin "Bu təhlükəli epizod beynəlxalq hava məkanında rus pilotlarının aqressiv, riskli və təhlükəli hərəkətlərinin nümunəsidir" deyib.

Rusiya Su-27 təyyarələrinin ABŞ-ın pilotsuz uçuş aparatı ilə təmasda olduğunu təkzib edib və qəzaya görə günahın pilotsuz təyyarədə olduğunu deyib.

Bu arada ABŞ müdafiə naziri müttəfiq ölkələri Kyivv qüvvələrinə dəstəyi artırmağa çağırıb.

"Bu, kampaniyanın əvvəlində etdiyimiz kimi istər döyüş sursatı, istər hava hücumundan müdafiə, istər zireh - Ukraynanın ehtiyaclarını təmin etmək üçün əlimizdən gələni etməyə davam edirik" - deyə, Pentaqonun sözçüsü, briqada generalı Pat Rayder çərşənbə axşamı jurnalistlərə bildirib.

ABŞ, Avropa İttifaqı və NATO rəsmiləri Rusiyanın genişmiqyaslı işğalına başlamasından bir ildən çox vaxt keçməsinə baxmayaraq, Ukraynada döyüşlər getdikcə, həm Ukraynanın, həm də özlərinin silah-sursat ehtiyatlarını artıracaqlarına söz verib.


XS
SM
MD
LG