Accessibility links

Moskva Vaşinqtonla məhbus mübadiləsi və silah müqaviləsi üzrə yüksək səviyyəli danışıqlara hazır olduğunu deyib


Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib ki, Moskva hazırda ABŞ həbsxanasında 25 il həbs cəzası çəkən rus silah alverçisi Viktor But da daxil olmaqla, məhbusların mübadiləsi üçün Vaşinqtonla razılaşmanın əldə olunacağına ümid edir.

"Amerikalılar müəyyən xarici aktivlik nümayiş etdirirlər. Biz bunun üçün nəzərdə tutulmuş xüsusi kanal vasitəsilə peşəkar şəkildə işləyirik. Orada Butun da məsələsi müzakirə olunur və biz müsbət nəticələr əldə edilməsinə ümid edirik" - deyə, Ryabkov noyabrın 18-də Moskvada jurnalistlərə bildirib.

Moskva ilə Vaşinqton arasında münasibətlər keçən əsrdən bəri görünməmiş dərəcədə aşağı səviyyədədir, gərginlik Kremlin Ukraynaya səbəbsiz hərbi müdaxiləsi ilə daha da artıb.

Mümkün məhbus mübadiləsinə həmçinin narkotik maddə ittihamı ilə Rusiyada 9 il həbs cəzasına məhkum edilmiş basketbolçu qadın Britni Qrayner və casusluq ittihamı ilə Rusiyada 16 il həbs cəzası çəkən ABŞ-ın keçmiş hərbi dəniz piyadası Pol Uilanın da daxil olacağı gözlənilir. Pol Uilan ona qarşı irəli sürülən ittihamı inkar edib.

Ryabkov deyib ki, Moskva həmçinin "New START" müqaviləsi də daxil olmaqla, Vaşinqtonla "strateji sabitlik"lə bağlı yüksək səviyyəli danışıqlara hazırdır.

2010-cu ildə ABŞ Prezidenti Barak Obama və Rusiya Prezidenti Dmitri Medvedev tərəfindən imzalanmış müqaviləyə əsasən hər bir ölkənin 1550 istifadəyə hazır nüvə başlığı və 700 istifadəyə hazır raket və bombardmançı təyyarəsi ola bilər. Bundan əlavə razılıq bu məhdudiyyətlərə riayət olunub-olunmadığını yoxlamaq üçün geniş yoxlamaların aparılmasını nəzərdə tutur.

2021-ci ilin fevralında "New START"ın müddətinin bitməsinə bir neçə gün qalmış Moskva və Vaşinqton onu daha beş il uzatmaqla bağlı razılıq əldə edib.

Lakin bu ilin avqust ayında Rusiya ABŞ-a müqavilə altında icazə verilən nüvə silahlarının təftişini dayandırdığı barədə məlumat verib və iddia edib ki, Qərbin Ukraynaya əsassız hərbi müdaxiləsi səbəbilə Moskvaya tətbiq etdiyi sanksiyalar, habelə viza məhdudiyyətləri rusiyalı müşahidəçilərin ABŞ obyektlərində bənzər yoxlama aparmalarına mane olub.

Rusiya və ABŞ rəsmilərinin müqaviləni müzakirə etmək üçün noyabrın 29-dan dekabrın 6-dək Misirin paytaxtı Qahirədə görüşəcəyi gözlənilir.

"Amerikalılar bizim mövqeyimizi bilir. Və bu da onların birtərəfli qaydada müqaviləni pozmadan öncəki zamanda təklif və ifadə etdiyimiz mövqe ilə üst-üstə düşür" Ryabkov bildirib.

Ryabkov onu da vurğulayıb ki, Ukrayna ilə bağlı "danışılacaq heç nə yoxdur", çünki tərəflərin məsələyə "yanaşmaları və mövqeləri köklü şəkildə ziddiyyətlidir".

Rusiya fevralın 24-də Ukraynaya hücuma başlayıb. O vaxtdan bəri ABŞ, NATO və onların bir çox müttəfiqi bu addımı pisləyib və Rusiyaya, onun hökumətinə və Prezident Vladimir Putinə yaxın olan şəxslərə qarşı sarsıdıcı sanksiyalar tətbiq edib.

Məhkumların mübadiləsi ilə bağlı danışıqlara hazırda Rusiyada həbsdə olan bir neçə başqa ABŞ vətəndaşı da daxil edilə bilər.

XS
SM
MD
LG