Ramazan ayında müsəlmanların məscidlərdə bir araya gəlib iftar süfrələrinə oturmaları ABŞ-da normal haldır. Lakin koronavirus pandemiyası başlayandan bəri yeməklərin maşından enmədən paylanması populyarlaşıb. Virciniyadakı İslam Mərkəzlərindən birində hər gün təxminən 800 nəfər üçün iftar süfrəsi təşkil olunur.
Virciniya ştatının Manassas şəhərindəki Dar Əlnur İslam İcma Mərkəzində oruc tutan və maşınla gələn 800-ə yaxın müsəlmana hər gün iftar yeməyi paylanır. Bu qədər ibadətçi üçün yemək hazırlamaq, vaxtını və enerjisini ehtiyacı olanlara yardım etməyə hazır olan könüllülər tələb olunur. Könüllü Ayaz Şeyx: "Biz bütün Ramazan ayı boyunca könüllü olaraq işləyirik, eyni zamanda öz işlərimizi də davam etdiririk. Artıq üçüncü ildir ki, buradayıq".
Hər gün müxtəlif yeməklər hazırlanır. Könüllü Hüma Şeyx: "Bəzi günlər biryani, bəzi günlər noxud, samosa, pirzola və ya toyuq olur. Bir ayın çiy toyuğunu biri verir, digərləri ədva, düyü və noxud ianə edir".
Yerli məktəblərin şagirdləri yemək hazır olduqdan sonra qablaşdırmağa könüllü olaraq yardım edir. Tələbə könüllülər deyirlər ki, yardım onlara akademik kreditlər qazandırmaqla yanaşı, həm də sevinc bəxş edir. İşan Əryan: "Bizim bu məsciddə ali təhsil almaq üçün könüllü olaraq işləyib, iş saatlarımızı artırmaq imkanımız var, lakin biz bunu ürəkdən edirik."
Könüllü Səmira İdrisu: "Bunu etməklə daha çox xeyir-dua ala bilərsiniz və mən yaxınlıqda yaşadığım, adətən buraya ibadət etməyə gəldiyim üçün bundan xəbərdar oldum."
Könüllü Adəm Haq: "Bu, kiminsə gününü çox yaxşı keçirdiyini hiss etməkdir."
Digər könüllülərin fikrincə, Ramazan ayında birlikdə iftar yeməyi yemək ənənəvi yanaşmadır. Könüllü Fuziya Əhməd: "Yeməyi bölüşmək və birlikdə yemək İslam yoludur".
İftar yeməyinin təşkilatçıları deyirlər ki, yeməklərin bu cür paylanmasına pandemiya səbəb olub. Virciniya Müsəlman Assosiasiyasının prezidenti Rəfi Uddin Əhməd: "COVID-19 başlayanda biz yeməkləri insanların evlərinə çatdırırdıq, lakin artıq bunu etmirik. Çünki indi avtomobillə gələnlərin sayı artıb. Amma hansısa əlil bizimlə əlaqə saxlayıb yeməyə ehtiyacı olduğunu, lakin avtomobili olmadığını desə, biz onlara yemək çatdırarıq".
İctimai ianələr və sponsorlar tərəfindən maliyyələşdirilən bu İslam mərkəzindən hər gün müxtəlif təbəqələrdən olan yüzlərlə müsəlman iftar yeməyi alır.