Birləşmiş Ştatlar İranı nüvə proqramı ilə əlaqədar beynəlxalq normalara əməl etməyə çağırıb. ABŞ bu çağırışı İsrail mətbuatında hökumətin İrana mümkün hücumla bağlı müzakirələr apardığı haqda xəbərlər yaydığı vaxt edir.
İsrailin Baş naziri Benyamin Netanyahu Knessetdə İranın nüvə proqramı barədə çıxışını İsrail mətbuatı hökumət daxilində İranın nüvə obyektlərinə qarşı mümkün hücumların müzakirə edildiyi haqda məlumatlar verdikdən sonra etmişdir.
Bu xəbərlər fonunda İsrail silahlı qüvvələri uzun müddətdir planlaşdırılan raket sınağı keçirmişdir.
Tehranda İranın yüksək səviyyəli hərbi rəsmisi İsrail hərbi hücuma keçsə, buna təkcə İsrail deyil, ABŞ-ın da maraqlarını təmsil edən obyektlər daxil olmaqla ağır cavab veriləcəyini bildirib.
ABŞ Dövlət Departamentinin sözçüsü Viktoriya Nuland xəbərlərlə bağlı şərh verməkdən boyun qaçıraraq, onun sözlərilə, “mətbuatda dolaşan məlumatlar” la bağlı müxbirlərin İsrail hökumətindən şərh almalı olduqlarını deyib.
O bildirib ki, Birləşmiş Ştatlar İsrailin təhlükəsizliyi məsələsinə sadiq qalır və İrann nüvə proqramının istiqamətindən narahatdır. “Biz və İsrail İranın götürdüyü istiqamətdən narahatıq. İranın nüvə sahəsində öhdəliklərilə bağlı mövqeyimizi açıq bildirmək üçün İsrail və beynəlxalq ictimaiyyətin üzvlərilə birgə işləməyə davam edirik. Bizim mövqeyimizi isə bilirsiniz. Bu, ondan ibarətdir ki, İran öhdəliklərə əməl etmək üçün beynəlxalq ictimaiyyətin tələb etdiyi addımları atmalıdır”-deyə o bildirib.
Ağ evin mətbuat katibi Cey Karni də İsrail mətbuatında verilmiş məlumatları şərh etməkdən imtina edərək deyib ki, Birləşmiş Ştatlar əsas diqqəti İranın yaratdığı təhlükəyə və ölkənin beynəlxalq təəhhüdlərə əməl etməməsi məsələlərinə yönəldib.
Cey Karni Birləşmiş Ştatların diqqəti İranla məsələnin diplomatik yolla həllinə məsləsi üzərinə cəmləşdirdiyini qeyd edərək, ABŞ-ın beynəlxalq sanksiyaların İrana mesaj göndərmək üçün təsirli vasitə olduğuna inandığını bir daha təkrarlayıb. “Bizim götürdüyümüz ölçülər, bu administrasiyanın sanksiyalar və başqa yollar vasitəsilə atdığı addımlar İranın o səviyyədə təcrid edilməsinə gətirib çıxarıb ki, İran prezidentinin özü belə bu yaxınlarda sanksiyaların ölkə iqtisadiyyatına olduqca mənfi təsir göstərdiyini etiraf edib”-deyə o bildirib.
Cey Karni prezident Barak Obama və İsrailin Baş naziri Benyamin Netanyahu arasında yeni müzakirə barədə heç bir məlumatı olmadığını bildirib.
O, çərşənbə günü ABŞ Konqresində İrana qarşı bank və enerji sektorlarının xüsusi vurğulandığı sanksiyaların tətbiq edilməsinə dair qanun layihəsilə bağlı də şərh verməyib.
Bu yaxınlarda Amerikanın Səsinin fars xidmətinə müsahibə verən ABŞ Dövlət katibi Hillari Klinton deyib ki, sanksiyalar İranın nüvə silahı istehsal etmək səylərinə cavab olaraq tətbiq edilib. “Rejimin nüvə silahları proqramı üzərində işlədiyi tamamilə aydın olduqdan sonra BMT daha güclü sanksiyalar tətbiq etdi. Hamı inanır ki, gizli fəaliyyətlər, gizli obyektlər, yanlış informasiyanın verilməsi-bütün bunlar rejimin qeyri-sabitlik yaradacaq nüvə silahları istehsal etmək səylərinin bir hissədir-deyə o bildirib.
İran atom silahı proqramı üzərində işlədiyini rədd edərək, nüvə proqramının dinc məqsədlərə xidmət etdiyini bildirir.
İsrailin Baş naziri Benyamin Netanyahu bu həftə deyib ki, İran nüvə silahları istehsalı üzərində işləməyə davam edir və İsrail qarşıdan gələn təhlükənin aradan qaldırılması üçün silahlı qüvvələrini gücləndirməlidir.
Buna baxmayaraq, İsrail mətbuatı xəbər verir ki, yüksək səviyyəli rəsmilər İrana hücumla bağlı hökumət səviyyəsində danışıqlar barədə məlumatların əhəmiyyətini azaltmağa çalışır. İsrailin xarici işlər naziri deyib ki, kabinetin hücuma razılıq verməsi üçün cəhdlərlə bağlı məlumatlar reallıqdan uzaqdır.
ABŞ-ın bəyanatı və İsrail mətbuatında şərhlər Beynəlxalq Atom Enerjisi Agentliyinin İranın nüvə fəaliyyətlərinə dair yeni hesabatının açıqlanamasından bir həftə əvvələ təsadüf edir.
Britaniyanın Guardian qəzeti yazır ki, hesabatda İranın atom silahı istehsal etmək səylərinə dair yeni dəlillərin gətiriləcəyi gözlənilir.