Accessibility links

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar elan edib


ABŞ Maliyyə Nazirliyinin sanksiyalarına məruz qalan Rusiya rəsmiləri arasında Mərkəzi Bankın rəhbəri Elvira Nabiullina da var.

Sentyabrın 30-da ABŞ Rusiya prezidenti Vladimir Putinin Ukraynanın dörd bölgəsinin qeyri-qanuni ilhaqını rəsmən elan etməsi ilə əlaqədar Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.

Sanksiyalar Maliyyə Nazirliyi, Ticarət Nazirliyi və ABŞ Dövlət Departamenti tərəfindən tətbiq edilib. Məhdudlaşdırıcı tədbirlər bir sıra Rusiya dövlət məmurlarına və siyasətçilərinə, onların ailələrinə, Rusiya və Belarusun yüksək rütbəli hərbçilərinə və müdafiə təchizatı şəbəkələrinə, o cümlədən Rusiya hərbi-sənaye kompleksini dəstəkləyən beynəlxalq təchizatçılara təsir edib.

"ABŞ Böyük Yeddilər tərəfdaşlarının dəstəyi ilə bu gün açıq şəkildə xəbərdarlıq edib: Ukraynanın suveren ərazisini ilhaq etmək cəhdlərində Rusiyaya siyasi və ya iqtisadi dəstək verən istənilən şəxs, təşkilat və ya ölkə gec-tez sanksiyalarla üzləşəcək". Bu barədə dövlət katibi Antoni Blinken bildirib.

ABŞ Maliyyə Nazirliyi və ABŞ Ticarət Departamenti bu gün Rusiyanın qeyri-qanuni ilhaqını həyata keçirməkdə ona siyasi və ya iqtisadi dəstək verən həm Rusiya daxilində, həm də xaricdə fiziki və hüquqi şəxsləri hədəf alan yeni sanksiyalar və ixrac nəzarəti siyahısını açıqlayıb.

Bundan əlavə, Maliyyə Nazirliyi 14 beynəlxalq təchizatçıya Rusiya hərbi təchizatını dəstəklədiyinə görə sanksiya tətbiq edib. Maliyyə Nazirliyi həmçinin Dövlət Dumasının 109 deputatına və Federasiya Şurasının 169 üzvünə sanksiya tətbiq edib.

ABŞ Maliyyə Nazirliyi Rusiya Federasiyası Mərkəzi Bankının rəhbəri və Putinin keçmiş müşaviri Elvira Nabiullinaya, eləcə də onun birinci müavini Olqa Skoroboqatovaya qarşı fərdi sanksiyalar tətbiq edib. Rusiya Milli Təhlükəsizlik Şurasının üzvlərinin qohumlarına, o cümlədən Baş nazir Mixail Mişustinin həyat yoldaşı və övladları, müdafiə naziri Sergey Şoyqunun həyat yoldaşı və övladlarına qarşı da sanksiyalar tətbiq edilib.

Dövlət Departamenti Rusiya vətəndaşı Oçur-Suqe Monquşun Ukraynanın suverenliyini pozaraq, ukraynalı hərbi əsir və Rusiya Federasiyasının hərbçiləri, Belarus hərbçiləri və Rusiya tərəfindən təyin edilmiş şəxslər də daxil olmaqla 910 digər şəxsə qarşı insan haqlarını kobud şəkildə pozduğuna görə viza məhdudiyyəti qoyub.

Ticarət Nazirliyi ixrac nəzarəti siyahısına 57 təşkilat əlavə edərək bildirib ki, cari ixrac nəzarəti tədbirləri Rusiya və Belarusun silahlı qüvvələrinə və hər iki ölkənin hərbi sənayesinə maddi dəstək verən üçüncü ölkələrin təşkilatlarına təsir göstərə bilər.

"Putin Ukrayna ərazilərini saxta yolla ilhaq etməyə cəhd edərkən biz dayanmayacağıq. Maliyyə Nazirliyi və ABŞ hökuməti indi Rusiyanın onsuz da deqradasiyaya uğramış hərbi sənaye kompleksini daha da zəiflətmək və onun qeyri-qanuni müharibə aparmaq qabiliyyətini sarsıtmaq üçün genişmiqyaslı tədbirlər görür", deyə Maliyyə Naziri Canet Yellen bildirib. "Biz Rusiyanın maliyyə arxitekturasının əsas rəhbərlərinə də sanksiyalar tətbiq etmişik... Maliyyə Nazirliyi, ABŞ hökuməti və müttəfiqlərimiz bu müharibədə və uydurma referendumlarda əli olan Rusiya daxilində və xaricində olan şəxslərə və şirkətlərə qarşı çevik və sərt tədbirlər görməkdən çəkinməyəcək."

"Rusiyanın saxta referendumları və Ukrayna ərazisini qanunsuz ilhaq etmək cəhdləri Putinin qanunsuz müharibəsinə haqq qazandırmaq üçün yollar tapmaq üçün nə qədər səy göstərməyə hazır olduğunu nümayiş etdirir", Ticarət katibinin İxrac Administrasiyası üzrə köməkçisi Tea Rozman Kendler deyib. "Birləşmiş Ştatlar, tərəfdaşlarımız və müttəfiqlərimiz bu qəddar və əsassız hücuma qarşı möhkəm dayanmağa davam edir və biz Putin rejiminin və onu dəstəkləyənlərin dünya ticarətinə girişini qadağan etmək üçün tədbirlər görməyə davam edəcəyik" – deyə, o vurğulayıb.

XS
SM
MD
LG