Bayden administrasiyası rəsmi olaraq Rusiyanın Ukraynaya bir ildir davam edən hərbi müdaxiləsi zamanı “insanlığa qarşı cinayətlər” törətdiyinə dair nəticəyə gəlib. Bu barədə şənbə günü ABŞ Vitse-prezidenti Kamala Harris məlumat verib.
“Biz Rusiyanın Ukraynadakı əməlləri ilə bağlı sübutları araşdırdıq, hüquqi standartları bilirik və heç bir şübhə yoxdur ki, bunlar insanlığa qarşı cinayətlərdir,” keçmiş prokuror olan Harris Münhün Təhlükəsizlik Konfransında deyib.
“Və mən bu cinayətləri törədən hər kəsə və bu cinayətlərdə əlbir olan rəhbərlərinə deyirəm ki, siz məsuliyyətə cəlb olunacaqsınız.”
ABŞ Dövlət Departamentinin başçılığı ilə aparılan hüquqi araşdırmanın sonundakı rəsmi qənaətin müharibəyə birbaşa heç bir təsiri yoxdur.
Ancaq Vaşinqton ümid edir ki, Rusiya Prezidenti Vladimir Putini daha da təcrid edə və onun hökumətinin üzvlərini beynəlxalq məhkəmələr və sanksiyalar vasitəsilə cavabdeh tutmaq üçün hüquqi səyləri gücləndirə bilər.
Harrisin çıxışı yüksək vəzifəli Qərb liderləri İkinci Dünya Müharibəsindən sonra Avropanın ən pis münaqişəsini təhlil etmək üçün Münhendə bir araya gəldiyi bir vaxta təsadüf edir.
O deyib ki, Bayden Putini işğala görə cəzalandırmaq üçün koalisiyaya başçılıq edib, ancaq Rusiya Ukraynanın şərqində hücumlarını şiddətləndirir. Bu arada isə Ukrayna yazda əks-hücuma hazırlaşır və bunun üçün də Qərb müttəfiqlərindən daha çox, daha ağır və uzun-mənzilli silahlar istəyir.
Bir ilə yaxındır davam edən müharibədə onlarla insan ölüb, milyonlarla insan evlərindən didərgin düşüb, qlobal iqtisadiyyat çöküb, Putin Qərbdən təcrid olunub.
Vaşinqton onsuz da BMT-nin apardığı təhqiqatın nəticələrində olduğu kimi Rusiya qüvvələrinin müharibə cinayətlərində günahkar olduğuna dair nəticəyə gəlmişdi, amma Bayden administrasiyanın Rusiyanın əməllərinin “insanlığa qarşı cinayət”ə bərabər olduğuna dair qənaətə gəlməsi qətldən zorlamaya kimi əməllərin geniş yayıldığına, sistemli və qəsdən mülki şəxslərə qarşı yönəldiyinə dair hüquqi təhlili nəzərdə tutur. Beynəlxalq hüquqda bu daha ağır cinayət kimi qiymətləndirilir.
BMT-nin dəstəklədiyi Ukrayna üzrə İstintaq Komissiyası müəyyən etdiyini bildirdiyi müharibə cinayətlərinin insanlığa qarşı cinayətlərə bərabər olduğuna dair qənaətə gəlməyib.