Keçən həftə Vaşinqtonda “ABŞ-Azərbaycan Əlaqələri: Gələcəyə Baxış” mövzusunda konfransda Azərbaycanda mədəniyyətlərarası dialoq mövuzunun müzakirəsinə geniş yer verilmişdir. Konfransın sessiyalarından biri “Tolerantlıq və mədəniyyətlərası dialoqun inkişafı:Azərbaycan modeli” mövzusuna həsr edilmişdir.
Müzakirələri aparan Çikaqo katolik ilahiyyat universitetində islam tədqiqatları mütəxəssisi professor Skot Aleksandr Azərbaycanda etnik və dini dözümlülüyün tarixindən danışdı.
Cons Hopkins universitetinin Mərkəzi Asiya və Qafqaz Araşdırmaları institutunun tədqiqatçı direktoru Svante Kornell Azərbaycanda etnik dözümlülükdən danışmış, müstəqilliyini bərpa etmiş yeni ölkədə etnik, milli və vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi prosesinə toxunjmuşdur. Svante Kornel Azərbaycanda tolerantlıq və mədəniyyətlərarası dialoq üçün qarşıya çıxan əsas maneələrə diqqət çəkdi və Azərbaycanın daha az dərəcədə toletantlıq təbliğ edən qüvvələr tərəfindən əhatə olunduğunu bildirdi. Svante Kornel:”İranın şiə radikalizminin dəstəkləndiyi siyasəti realdır. Səuidyyə Ərəbistanı, Şimali Qafqaz, elə Türkiyə ilə əlaqəsi olan qrupların siyasəti Azərbaycan hökumətinin yeritdiyi daha tolerant siyasətdən fərqli ideologiyaya söykənir.Azərbaycanın özündə də şiə və sünni radikalizm arasında rəqabət ölkədə bu iki məzhəbin harmoniya içində möcudluğu üçün təhlükə təşkil edir.”
Hayfa universitetində siyasi elmlər üzrə professor Brenda Şaffer Azərbaycanın dini və etnik azlıqlara hər zaman bərabər münasibət göstərilən bir ölkə olduğunu vurğuladı. Onun sözlərinə görə, mədəniyyətlərarası anlaşma, bir çox mədəniyyətlərin birgə yaşayışı Azərbaycanda həmişə adi hal kimi qəbul edilib, çünki bütün insanlar özlərini bir ölkənin vətəndaşları kimi hiss ediblər. Brenda Şaffer: “Azərbaycanda təkcə dini azadlıq deyil, həmçinin dindən azadlıq da mövcud olub. Dünyada çox az cəmiyyətlər var ki, insan nəinki dini qurumun üzvü olmaq hüququna, həm də dinlə heç bir əlaqəsi olmayan məktəbə getmək hüququna da malikdir. Fikrimcə, heç ABŞ-ın özündə də Azərbaycanın dövlət və din arasında münasibətlərinin tənzim olunduğu bir modelə həmişə hörmət göstərilmir.”
Müzakirələrdən öncə tədbirdə iştirak edən Azərbaycanın dini icmalarının liderləri, Azərbaycan katlolik icmasının rəhbəri Vladimir Fekete, Azərbaycan dağ yəhudiləri icmasının başçısı Milix Yevdayev, Azərbaycan Pravolsav Yeparxiyasının rəhbəri İşeyn Aleksandr və Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə Azərbaycanı çoxmillətli ölkə adlandıraraq, əsrlərlə ölkə vətəndaşlarının bir-biri ilə barışıq içində yaşamasından danışdılar.
Milli Məclisinin deputatı Asim Mollazadə Azərbaycanda azlıqlarla yanaşı, müsəlman dünyasında qadınlara ilk dəfə olaraq bərabər hüquqların verilməsi kimi tarixi faktları qeyd etdi. Asim Mollazadə: “Bu mühümdür, çünki qadın cəmiyyətin fəal üzvü olanda, siyasi həyatda iştirak edəndə ölkə daha demokratik olur. Bu, bizim dəyərlərimizdir, bu, bizim Birləşmiş Ştatlarla bölüşdüyümüz dəyərlərdir.”
ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş üzvü Maykl MakMahon isə qeyd etdi ki, Amerika cəmiyyətində Azərbaycanda dini dözümlülük və çoxmədəniyyətlilik ənənəsi haqda biliklərin artırılmasına ehtiyac var. Maykl Makmahon: “Azərbaycan dini harmoniya və tolerantlığın mövcud olduğu ölkədir. Ölkə çox mürəkkəb bir ətrafda yerləşir. İran və Rusiyanın arasında, bundan əvvəl Sovet İttifaqının tərkibində olan bir ölkədə dini anlaşmanın inkişafına nail olmaq çox çətindir.”
Dini dözümlülük və mədəniyyətlərarası dialoqa həsr olunmuş sessiya ilə Vaşinqtonda aprelin 25-26-ı ABŞ- Azərbaycan konfransı işini başa çatdırmışdır.