Amerika mətbuatında verilmiş xəbərlərə əsasən, Əl-Qaidənin Yəməndə fəaliyyət göstərən qrupundan ABŞ-a uçan təyyarəni partlatmaq tapşırığı alan şəxs iki ölkə üçün işləyən məxfi agent olub. Xəbərlərdə deyilir ki, o, terrorçu təşkilatın sıralarına keçərək, terrorçuları hava limanlarında yeni hazırlanmış bombanı təhlükəsizlik yoxlanışından keçirə biləcəyinə inandırmışdır.
ABŞ və xarici kəşfiyyat orqanlarının adının açıqlanmadığı rəsmilərinin sözlərinə görə, məxfi agent Səudiyyə Ərəbistanın kəşfiyyat xidməti və Mərkəzi Kəşfiyyat agentliyi üçün işləyib. Onlar agentin özünü intiharçı ola biləcək şəxs kimi təqdim etdiyini və alt geyimində partlayıcı maddələri daşımağa könüllü şəkildə razılıq verdiyini bildirib.
Agent yeni partlayıcı maddələrlə özünü ABŞ rəsmilərinə təslim edib. Hazırda kəşfiyyat orqanları bombanı Federal Təhqiqat Bürosunun Virciniya ştatında Quantiko laboratoriyasında öyrəniləməsilə məşğuldur.
Rəsmilərin sözlərinə görə, agent habelə bazar günü Yəməndə Əl-Qaidənin lideri Fəhd Məhəmməd Əhməd Əl-Qusoya qarşı müvəffəq əməliyyatın keçirilməsinə yol açan informasiya əldə edib. Quso 2000-ci ildə Yəməndə ABŞ-ın USS Cole hərbi gəmisində 17 Amerika dənizçisinin həyatına son qoymuş hücuma görə axtarışda idi.
Hələlik agentin şəxsiyyəti açıqlanmayıb. Rəsmilər bildiriblər ki, agentin Ərəbistan yarımadasında Əl-Qaidə üzvlərinin etibarını qazanması üçün həftələrlə vaxt lazım olub.