Accessibility links

ABŞ-da 11 sentyabr terror hücumlarının doqquzuncu ildönümü qeyd edilir


Prezident Obama, birinci xanım Mişel Obama, vitse-prezident Co Bayden anım mərasimlərində iştirak ediblər

ABŞ prezidenti Barak Obama 2001-ci il sentyabrın 11-i terror hücumları zamanı qaçırılmış üçüncü təyyarənin Pentaqon binasına dəyərək partlaması nəticəsində həlak olmuş insanların xatirəsinə həsr olunmuş abidə önünə əklil qoyub. Pentaqonda keçirilən mərasimə toplaşmış insanlar qarşısında danışan cənab Obama deyib ki, Birləşmiş Ştatlara hücum edən şəxslər təkcə binalar deyil, Amerika ideyasına hücum ediblər. Prezident habelə ABŞ-ın islamla müharibə aparmadığını qeyd edərək, “din bizə hücum etməyib” deyib. O, “Bizə dini təhrif edən bir qrup adam hücum edib”-deyə bildirib.

ABŞ-ın birinci xanımı Mişel Obama keçmiş birinci xanım Lora Buşla bərabər Pensilvaniya ştatında 93 nömrəli reyslə uçan təyyarənin sərnişinlərinin təyyarə qaçıranlarla mübarizə edərək, yerə salındığı ərazidə xatirə kompleksini ziyarət edib.

Bundan öncə ABŞ-ın vitse-prezidenti Co Bayden, digər rəsmi nümayəndələr və adi Amerika vətəndaşları doqquz il əvvəl Dünya Ticarət Mərkəzinin qoşa binalarının terror hücumları nəticəsində dağıldığı yerdə keçirilən anım mərasimində iştirak ediblər. Səhər saat 8:45 terrorçular qaçırdıqları birinci təyyarəni binalardan birinə vurduğu zaman hadisə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb. Bundan 17 dəqiqə sonra Dünya Ticarət mərkəzinin ikinci binası terrorçuların qaçırdığı daha bir təyyarə tərəfindən vurulduğu zaman ikincə dəfə bir dəqiqəlik sükut elan edilib. Anım mərasimində hadisə zamanı həlak olmuş 2752 adamın adları oxunmuşdur.

XS
SM
MD
LG