Rəsmilərin cümə axşamı bildirdiyinə görə, Ukrayna qoşunları Rusiyanın intensiv atəşindən sonra Donetsk vilayətinin Urojaynı kəndini tərk edib. Geri çəkilmə Rusiyanın yay hücumunun gücləndiyi bir vaxt cəbhə xəttində daha bir mövqeyin itirildiyini göstərir.
Ukrayna Silahlı Qüvvələrinin “Xortitsa” qruplaşmasının nümayəndəsi Nazar Voloşin Associated Press agentliyinə Ukrayna qoşunlarının Urojaynıdakı mövqelərini tərk etdiyini təsdiqləyib. Onun sözlərinə görə, kənd yerlə yeksan edilib və bu da orada mövqeyi saxlamağı imkansız edib. O, qoşunların nə vaxt çıxarıldığı barədə heç nə deməyib.
Urojaynı 2022-ci ilin fevralında Rusiyanın genişmiqyaslı işğalının ilk günlərində rus qoşunları tərəfindən ələ keçirilsə də, Ukrayna ordusu təxminən bir il əvvəl onu yenidən öz nəzarətinə götürüb. Rusiya Müdafiə Nazirliyi bu yaxınlarda öz qüvvələrinin kəndi geri aldığını bəyan edib və bu iddia indi Ukrayna Silahlı Qüvvələri tərəfindən də təsdiqlənib.
Ukraynanın Suspilne tele-radio şirkəti Voloşinə istinadən xəbər verib ki, belə bir qərar Ukrayna hərbçilərinin həyatını xilas etmək üçün verilib.
"Qəsəbənin özü də düşmənin atəşi nəticəsində demək olar ki, tamamilə məhv edilib. Ukraynalı müdafiəçilərin mövqeləri darmadağın edilib, şəxsi heyətin orada saxlanılması hərbçilərimizin həyatı üçün təhlükə yaradırdı" - deyə, Voloşin bildirib.
Müharibənin Tədqiqi İnstitutunun analitiklərinin fikrincə, Rusiya qüvvələrinin hazırda həm Urojaynı, həm də qonşu Novodonetskoye kəndinin işğalı nəzərə alınarsa, Ukrayna Silahlı Qüvvələrinin Urojaynının şərqindəki ərazilərdə öz mövqelərini saxlaya bilmələri çox çətin məsələdir.
Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının cümə günü hesabatında qeyd olunub ki, son 24 saat ərzində cəbhədə 130 qarşıdurma qeydə alınıb. Xəbərdə Rusiya qoşunlarının Ukrayna bölmələrinin mövqelərinə və yaşayış məntəqələrinə 3 raket və 73 hava zərbəsi endirildiyi bildirilib. Əsas döyüşlər Xarkiv, Kupyanski və Limanski istiqamətlərində baş verib.
Bu arada, Rusiya hərbçiləri Xarkiv vilayətinin Çuqev şəhərinə hücum edib. Bu barədə vilayət administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib. Onun sözlərinə görə, 14 yaşlı yeniyetmə də daxil olmaqla, 9 nəfər xəsarət alıb.
Forum