İranda iyun ayının 14-də prezident seçkisi ilə bərabər şəhər və kənd şuralarına seçkilərlə əlaqədar Urmiyə şəhərində yaradılan “Urmu Azərbaycan Səsi” koalisiyasının fəaliyyətinə İranın təhlükəsizlik qurumları tərəfindən son verildiyi bildirilir.
Bu haqda məlumat yayan “Öyrənci Səsi” və AZOH veb səhifələrinə istinadən, məmurlar iyunun 10-da koalisiya təşkilatının əməkdaşlarına hədə-qorxu gələrək, Urmiyənin Ellər Bağı parkı yaxınlığında yerləşən mərkəzi ofisin qapısını möhürləyiblər. Koalisiyanın fəaliyyətlərinin hansı səbəblər üzündən dayandırıldığı barədə məlumat verilməyib.
Urmiyəli şairlər, yazarlar və mədəni-siyası fəallar tərəfindən təşkil olan koalisiya “Urmu Azərbaycan Səsi"-nin İslami şəhər şurasının adayları” adı altında bir siyahı yayaraq əhalini təşkilatın dəstəklədiyi 15 namizədə səs verməyə çağırıb.
Koalisiya təşkilatı həmçinin keçirdiyi mərasimlər və şəhər içində yaydığı bəyanat vərəqələrində 40 maddədən ibarət olan tələblərini də qeyd edib.
Azərbaycanın tanınmış şəxsiyyətlərinin adlarının Urmiyə küçələrinə verilməsi, Urmiyədə Azərbaycan milli kitabxanasının tikilməsi, mədəniyyət mərkəzlərində türk dili və ədəbiyyatının öyrədilməsi, Azərbaycan musiqi mərkəzlərinin təsis edilməsi, yerli mətbuat və jurnalistlərin dəstəklənməsi kimi tələblər bəyanatda yer alıb.
“Urmu Azərbaycan Səsi”-nin iyunun 7-də keçirdiyi açılış mərasimində koalisiyanın dəstəklədiyi namizədlərin təqdim edilməsi ilə birlikdə, milli şeirlər oxunub və yeniyetmə uşaqlar tərəfindən Azərbaycan rəqsləri ifa edilib.