Urmiyə İnqilab Məhkəməsi “Xalqın Mücahidləri” (MEK) təşkilatı ilə əməkdaşlıqda ittiham etdiyi və hazırda Urmiyənin mərkəzi həbsxanasında saxlanılan Hamid Qaraoğlani haqqında 13 il həbs hökmü çıxarıb.
Keçən günlərdə hüquq müdafiəçiləri Qaraoğlaninin edam hökmü ilə qarşılaşması ehtimalına dair narahatlıqlarını bildirmişdirlər. Lakin insan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi məhbusun bacısına istinadən bildirib ki, son qərara əsasən siyasi məhbus barəsində 13 il həbs hökmü icra ediləcək.
“Məhkəmənin son qərarına əsasən, məhbus Xalqın Mücahidləri təşkilatında iştirak ittihamından 13 il, İranın dini liderini təhqir etmək ittihamından isə 13 ay həbsə məhkum edilib. İslami Cəza Qanununun 134-cü maddəsinə uyğun olaraq, Qaraoğlanı barəsində çıxarılan ən ağır cəza, yəni 13 il həbs hökmü icra ediləcək,” HRA-nın xəbərində dərc edilib.
Hamid Qaraoğlaninin bacısı Haniyə Qaraoğlaninin bildirdiyinə görə, qardaşı təqribən 5 ay əvvəl Urmiyədə nəzarət altına alınıb.
İranın kəşfiyyat qurumu Hamid Qaraoğlaninin Türkiyədə Xalqın Mücahidləri təşkilatının üzvləri ilə görüşdüyünü irəli sürüb. Lakin Haniyə Qaraoğlani deyir ki, “qardaşım 4 il əvvəl iş üçün Türkiyəyə gedib bir müddət sonra qayıtmışdı. Bu 4 il ərzində ona qarşı heç bir ittiham irəli sürülmədi. Keçən aylarda o, sosial şəbəkələrdə İran İslam Respublikası nizamı ilə bağlı tənqidlər paylaşdığından sonra tutuldu. Təhlükəsizlik qurumu Türkiyə səfərini bəhanə edərək onu o kiçik təniqləri üzündən həbs edib.”