İranın Qərbi Azərbaycan vilayətinin Urmiyə şəhərində yerləşən Urmiyə Petrokimya zavodunun 38 işçisində koronavirus aşkar olunub.
Urmiyənin Petrokimya zavodunun işçilərində koronavirusun aşkarlandığını ilk olaraq İran parlamentində Urmiyə şəhərini təmsil edən deputat Nadir Qazipur aprelin 19-da Durnanews xəbər saytına verdiyi müsahibədə bildirmişdi.
Qazipur Petrokimya şirkətinin səlahiyyətlilərini virusa qarşı tədbirlər görməməkdə günahlandıraraq deyib ki, "təəssüf ki, sağlamlıq və gigiyena qaydalarına əməl edilməməsi səbəbindən Petrokimya zavodunda çalışan 37 işçi koronavirusa yoluxub." Qazıpurun dediyinə görə, zavod səlahiyyətliləri koronavirusa qarşı verilən qərarlar və tədbirləri yerinə yetirmədikləri üçün işçilərin həyatı təhlükəyə atılıb.
Millət vəkili Qərbi Azərbaycan vilayətinin rəsmilərini petrokimya zavodunun səlahiyyətlilərini məsələ ilə bağlı sorğu-sual etməyə çağırıb.
Urmiyə Petrokimya zavodunun direktoru Kərim Dilcavan Təsnim xəbər agentliyinə bu barədə açıqlama verərək Urmiyə millət vəkilinin ifadələrinə reaksiya göstərib. Dilcavan işçilərin mart ayının ortaları və günəş ilinin başlanğıcında koronavirus testindən keçdiklərini və virus yoluxmaqda şübhəlinənlərin evə göndərildiyini bildirib.
Ancaq Qərbi Azərbaycan vilayətinin Əmək və Sosial Rifah İdarəsinin rəhbəri Rza Tağızadə aprelin 22-də valiyə ünvanladığı məktubda Urmiyə petrokimya zavodunda 38 işçinin virusa yolxduğunu təsdiqləyib. Mediada əks edilən məktubda zavodun ümumi işçi sayının 209 nəfər, ölkənin iş qanunu çərçivəsində işə alınan işçi sayının 165 nəfər və İran Milli Neft Şirkətinin işəgötürülmə qanununa əsasən alınan işçi sayının 44 nəfər olduğu bildirilib. Ən son aparılan 60 testdən 40-nın cavabı gəlib və işçilərin 38-nin Covid-19-a yoluxduğu aşkar edilib. Bu, Qazipurun elan etdiy rəqəmdən bir nəfər daha çoxdur.
Tağızadə həmçinin başqa işçilərin testdən keçmək istədiklərini, ancaq vilayətin səhiyyə idarəsində testlər az olduğu və həmin idarəyə test ləvazimatları göndərilmədiyi üçün digər işçiləri test etməyin hələ ki, mümkün olmadığını qeyd edib.