Accessibility links

Urmiyyə gölü üçün ayrılan vəsaitin miqdarı barədə ziddiyyətli məlumatlar verilir


Urmiyyə gölü üçün ayrılan vəsaitin miqdarı barədə ziddiyyətli məlumatlar verilir
Urmiyyə gölü üçün ayrılan vəsaitin miqdarı barədə ziddiyyətli məlumatlar verilir

İranın Şərqi Azərbaycan vilayətinin bəzi rəsmiləri Urmiy'y'ə gölünün qurumasının qarşısını almaq üçün ayrılan vəsaitin miqdarı barədə ziddiyyətli məlumatlar yayırlar.

Təbrizin İran parlamentindəki nümayəndəsi Məhəmmədhüseyn Fərhəngi 400 milyard riyal (40 milyard Tümən və ya 35 milyon dollar) miqdarında vəsaitin Urmiyyə gölünün qurumasının qarşısının alınmasına sərf olunacağı barədə Təbrizdə media nümayəndələri və müxbirlərə məlumat vermişdi. Amma Şərqi Azərbaycan vilayətinin Valisi (ustandarı) Əhməd Əlirza Beygi Fərhənginin sözünün yalan olduğunu bildirib və əlavə edib ki, bu ilin büdcəsindən Urmiyyə gölünə 21 milyard tümən ayrılıb. (Hər 10 riyal 1 tümənə və hər 1150 Tümən 1 dollara bərabərdir).

Bu xəbər Təbrizdə yayılan qəzetlərdə, o cümlədən “Nəsimi Qaradağ”da çap olunub. Həftəlik “Nəsimi Qaradağ” qəzeti Təbriz şəhərinin parlamentdəki nümayəndəsinin sözlərinə işarə edərək bildirib: "Araz çayından Urmiyyə gölünə su gətirmək üçün 10.000 milyard Riyal (1000 milyard Tümən və ya 870 milyon dollar) pul lazımdır”.

Şərqi Azərbaycan vilayətinin Valisi ayrılan vəsaitin yüksək göstərilməsini İran parlamentinə seçkilərin yaxınlaşması ilə əlaqələndirərək deyib ki, seçkilər yaxınlaşdığından nümayəndələr Urmiyyə gölündən təbliğat vasitəsi kimi istifadə edəcəklər.

Məhəmmədhüseyn Fərhəngiyə istinad edən mətbuat Araz çayından Urmiyyə gölünə su gətirmək layihəsinin icrası üçün ən azı 1 milyard dollar lazım olduğunu, ancaq bu ilki büdcədə layihə üçün cəmi 35 milyon dollar ayrıldığını yazıb. Bu isə lazım olan vəsaitin təxminən otuzda birinə bərabərdir.

Bu hadisə İran Azərbaycanının əhalisinin Urmiyyə gölünün qurumasına qarşı etiraz nümayişləri keçirdiyi vaxta təsadüf edir. Aksiyalar bəzi etirazçıların həbsinə və bu mövzunun İran Azərbaycan mətbuatının gündəminə çıxmasına səbəb olub. Bundan sonra dövlət rəsmiləri və müxtəlif idarələr hərəkətə keçərək, seminarlar təşkil edir, məsələni müzakirəyə çıxarır. Ancaq ayrılan vəsaitin miqdarı göstərir ki, Urmiyyə gölü məsələsi hələlik ölkənin ən mühüm problemlərindən biri kimi nəzərdə tutulmur.

XS
SM
MD
LG