Hüquq müdafiəçiləri qətl ittihamı ilə mühakimə edilmiş azı iki məhbusun Urmiyə Mərkəzi Zindanında dar ağacından asılaraq edam edildiyini bildirirlər.
Edamlar haqqında məlumatı İran İnsan Haqları Təşkilatı (İran HR) yayımlayıb.
Yanvarın 29-da asılanların adları Mehran Behşad və Fərhad Alba olaraq açıqlanıb.
Həmçinin Həmdullah Məhəmmədpur adlı edam məhkumu son dəqiqələrdə qətlə yetirdiyi şəxsin ailəsinə təzminat ödəməyə razı olduqdan sonra edamdan qurtulub.
Təkrar Urmiyə Zindanındakı kamerasına aparılan H. Məhəmmədpur qətlə yetirdiyi şəxsin ailəsinə 400 milyon tümən (təqribən 120 min dollar) diyə-təzminat ödəyəcək.
"Diyə" şəriət qanunlarına görə hesablanan bir təzminat növüdür. İranda qətl ittihamı ilə edama məhkum olunanlar qətlə yetirdiyi şəxsin ailəsinə təzminat ödəməyə (“diyə” almağa) razı olub, pulu ödədikləri təqdirdə ölüm cəzasından qurtula bilirlər.