Accessibility links

Urmiyənin Ellərbağında böyük aşıq heykəli ucaldılıb [Video]


Urmiyə - Ellərbağı
Urmiyə - Ellərbağı

Tikilən heykəl Urmiyə Aşıq Məktəbini təmsil edir

Avqustun 24-də Urmiyənin Ellərbağı Parkında Urmiyə Aşıq Məktəbi adına ucaldılmış böyük aşıq heykəlinin açılış mərasimi keçirilib.

Urmiyədə fəaliyyət göstərən Barış News internet qəzeti (barishnews.ir) bildirib ki, fəvvarə ilə birlikdə tikilmiş 7 metr hündürlüyündə heykəl 100 milyon tümənə (33 min dollar) başa gəlib.

Açılış mərasiminə Urmiyə Bələdiyyə Başqanı, şəhər şurası üzvləri, sənətçilər və bir qrup əhali qatılıb. Bələdiyyə başqanı Məhəmməd Həzrətpur türk və Azərbaycan musiqisini qorumağın hər kəsin vəzifəsi olduğunu, heykəlin həmin vəzifəni yerinə yetirmək istiqamətində ucaldığını bəyan edib.

Urmiyəli Aşıq Dehqan
Urmiyəli Aşıq Dehqan

Açılış mərasimi zamanı açılan böyük bir afişa üzərində bu heykəlin İranda ucaldılmış ilk aşıq heykəli olduğu qeyd edilib.

Aşıq sənəti araşdırmaçılarının Azərbaycan və Anadolu aşıq sənətləri arasında bir körpü kimi dəyərləndirdiyi Urmiyə Aşıq Məktəbinin əsası XVIII-XIX əsrlərdə Dollu Mustafa, Balovlu Miskin və Qul Hartun tərəfindən qoyulub.

İfa etdikləri saz üzərində adətən ay-ulduz simvolu olan Urmiyə Məktəbi ustadları müxtəlif ölkələrin türk bölgələrindəki havalardan ruhlanaraq bu məktəbə yeni mahnılar və havalar qazandırıblar. “Hələb havası”, “Osmanlı Şərqisi”, “Sivastopol havası”, “Göyçə Gözəlləməsi”, “Həmədan Gəraylısı”, “Qars havası”, “Osmanlı Bəhrisi” və “Tərəkəmə Gözəlləməsi” kimi havalar bu sıraya daxildir.

Urmiyə Məktəbi mərkəzi Urmiyə olan Qərbi Azərbaycan vilayətinin müxtəlif bölgələrində geniş yayılıb.

XS
SM
MD
LG