Qərbi Azərbaycan Tibb Elmləri Universitetinin rektoru Dr. Cavad Ağazadənin iyulun 7-də COVİD-19 pandemiyası ilə bağlı vilayətdə son vəziyyətlə bağlı verdiyi açıqlamalara görə, Urmiyə şəhərində virusa yoluxanlar üçün təyin edilən iki xəstəxananın tutumunun dolduğu məlum olub.
Cavad Ağazadə hal-hazırda iki xəstəxananın dolması ilə üçüncü bir xəstəxana təyin edildiyini xəbər verərək deyib ki, virusa yoluxanların çoxunun vəziyyəti ağırdır və onlar xəstəxananın reanimasiya şöbəsində müalicə olurlar.
“Biz yayın isti günlərində yoluxanların statistikalarında azalma gözləyirdik, ancaq son bir ayda yoluxanların sayı artaraq, İran vilayətləri arasında ən təhlükəli vilayətlər arasında yer almışıq”- deyə Ağazadə söyləyib və yay üçün proqnozlarının tam əksinin baş verdiyini bildirib.
Ağazadə Qərbi Azərbaycan vilayətinin 17 şəhərindən 11-də, yəni Urmiyə, Üşnü (Oşnəviyyə), Bəykəndi (Bokan), Tikantəpə (Tekab), Sərdəşt, Soyuqbulaq (Mahabad), Salmas, Qoşaçay, Sulduz (Nəğədə) və Xoyda pandemiyanın ən təhlükəli mərhələdə olduğunu bildirib.
Ağazadə iyulun 6-da verdiyi mətbuat konfransında son 24 saatda 158 nəfərin xəstəxanalara yerləşdirildiyini və 15 nəfərin həyatın itirdiyini bildirib. O əlavə edib ki, cəmiyyət nisbətinə görə virusa yoluxanlar Qərbi Azərbaycanda İranın digər vilayətləri ilə müqayisədə daha çoxdur.
İyulun 7-də Şərqi Azərbaycan vilayətinin Təbriz Tibb Elmləri Universitetinin müalicə üzrə prorektoru Ruzbeh Rəcayi vilayətdə virusa yoluxanların sayının hər gün artdığını bildirib. “İyunun 5-ə qədər yoluxanların sayında azalma müşahidə olunurdu, ancaq o tarixdən sonra, yoluxma halları hər gün artır”, o bildirib. Rəcayi hal-hazırda vilayətdə 760 nəfər virusa yoluxan şəxsin xəstəxanalarda müalicə olunduğunu deyib.
İyulun 7-də yayımlanan məlumata görə ölkədə son 24 saatda 2637 yeni yoluxma halının aşkarlanıb, 200 nəfər həyatını itirib və pandemiya başlayandan bəri ən çox ölüm sayı qeyd edilib. İranda pandemiyanın başlayandan virusa yoluxanların ümumi sayı 248,379 nəfər olub, bunlardan 12,084 nəfəri həyatını itirib.
İran Səhiyyə Nazirliyinin sözçüsünün verdiyi məlumata əsasən, Qərbi və Şərqi Azərbaycan daxil olmaqla, 10 vilayətdə pandemiya ən təhlükəli mərhələdədir.