Accessibility links

Barmaqlarının kəsilməsi cəzasına məhkum edilən şəxs Urmiyə həbsxanasında intihara təşəbbüs edib


Sağ əlinin dörd barmağının kəsilməsinə məhkum edilmiş məhbusun Urmiyə həbsxanasında intihara təşəbbüs etdiyi bildirilir.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinə istinadən, bazar ertəsi gecəsi qırılmış şüşə parçalarını yeyərək intihara təşəbbüs edən Hadi Rüstəmi xəstəxanaya aparılıb.

Əslən İranın İlam vilayətindən olan Hadi Rüstəmi daha əvvəl soyğunçuluq ittihamı ilə sağ əlinin dörd barmağının kəsilməsi cəzasına məhkum edilib.

HRA agentliyinin xəbərinə görə, Rüstəmi bir müddət əvvəl Urmiyə həbsxanasının “təhlükəsiz bölməsinə” göndərilib. Məhbuslar adətən cəzalandırılmaq məqsədilə bu bölməyə göndərilir. Yayılan məlumata görə, Rüstəmi bu bölmədə saxlanılmasına etiraz olaraq intihara təşəbbüs edib.

İran Ali Məhkəməsi bir neçə ay əvvəl Hadi Rüstəmi və iki digər məhbusun barmaqlarının kəsilməsi cəzasını təsdiq edib. HRA agentliyinin bildirdiyinə görə, Rüstəmi işgəncə altında etiraf etdiyini irəli sürür.

Amnesty International barmaqların kəsilməsi cəzasını “qeyri-insani və İran məhkəmə sisteminin nə qədər qəddar olduğunu göstərən bir cəza” kimi dəyərləndirir.

XS
SM
MD
LG