Rusiya qüvvələrinin mülki və enerji infrastrukturunu daha çox hədəf aldığı, Ukraynanın şərqində şiddətli döyüşlərin getdiyi bir vaxt BMT-nin yardım üzrə rəhbəri Martin Qriffits dəyən zərər və qış mövsümünün əvvəlindən işıqsız, susuz və istiliksiz qalan milyonlarla mülki əhalinin ehtiyaclarını qiymətləndirmək üçün Kyivə gedib.
Dekabrın 12-də Brüsseldə görüşən Avropa İttifaqının xarici işlər nazirləri Ukraynaya hərbi dəstək üçün istifadə olunan fonda daha 2 milyard avro (2,1 milyard dollar) ayırmaq barədə razılığa gəlib.
Moskva qüvvələrinin Ukraynanın mövqelərinə artilleriya, raket və dronlarla zərbələr endirdiyi ölkənin şərqindəki Donetsk və Luhanskda Rusiya qüvvələri sənaye şəhəri Kostyantinivkaya iki raket atıb. Ukrayna Baş Qərargahının dekabrın 12-də bildirdiyinə görə, Rusiya qüvvələri cənubda bu yaxınlarda azad edilmiş Xerson şəhərinə onlarla raket atıb.
Baş Qərargah bildirib ki, Rusiya qüvvələri Luhanskda "mülki əhalidən canlı qalxan kimi istifadə etməyə, hərbi texnika yerləşdirməyə və mülki əhalinin yaşadığı yaşayış binalarının yaxınlığında atəş mövqeləri qurmağa davam edir".
Rusiyanın Ukraynanın infrastrukturuna amansız hücumlar nəticəsində geniş miqyasda enerjinin kəsilmələrinin davam etdiyi bir vaxt Qriffits "humanitar yardımın təsirini və şaxtalı temperaturda infrastrukturun zədələnməsi nəticəsində yaranan yeni sınaqları" görmək üçün müharibədən əziyyət çəkən ölkəyə səfər edib.
Brüsseldə Ukrayna fonduna 2 milyard avro əlavə ediləcəyini açıqlayan Avropa İttifaqının xarici siyasət rəhbəri Cozep Borrell sonrakı mərhələdə daha çox vəsaitin artırılmasının mümkün ola biləcəyini deyib.
Avropa İttifaqının xarici işlər nazirləri Brüsseldə keçirəcəkləri aylıq toplantıda Rusiyaya qarşı əlavə sanksiyalar barədə razılığa gəlməyə çalışacaq.
Ağ Ev dekabrın 11-də ABŞ prezidenti Co Baydenin ukraynalı həmkarı Volodimir Zelenski ilə telefonla danışdığını və Vaşinqtonun Kyivə güclü dəstəyini bir daha təsdiqlədiyini bildirib.
Ağ Evin bəyanatında deyilir ki, Zelenski ilə söhbəti zamanı Bayden "Rusiyanın Ukraynanın kritik infrastrukturuna hücumlarını davam etdirdiyi vaxt ABŞ-ın Ukraynanın müdafiəsinə dəstəyini davam etdirəcəyini" vurğulayıb.
Bəyanatda Baydenin "ABŞ-ın Ukraynaya təhlükəsizlik, iqtisadi və humanitar yardım göstərməyə davam etmək, Rusiyanı müharibə cinayətlərinə və vəhşiliklərinə görə məsuliyyətə cəlb etmək və təcavüzə görə Rusiyanın bədəl ödəməsi kimi öhdəlikləri bir daha təsdiqlədiyi" bildirilir.