Accessibility links

BMT: Rusiyanın Ukraynanı işğalında ən ağır yük mülki əhalinin üzərinə düşür


BMT-nin İnsan Haqları üzrə ali komissar Mişel Başele Ukraynada müharibəyə son qoymağa, müharibədə vəhşilik və cinayət törədənlərin məsuliyyətə cəlb edilməsinə çağırıb. Başele Ukraynadakı vəziyyətlə bağlı son məlumatını Cenevrədə İnsan Hüquqları Şurasına çərşənbə axşamı təqdim edib.

Başelenin hesabatı Rusiyanın Ukraynanı işğala başladığı fevralın 24-dən mayın 15-nə qədər olan dövrü əhatə edir. Hesabatda qətllər, geniş miqyaslı dağıntılar, əsassız həbslər, yoxa çıxma və insan haqlarının digər kobud şəkildə pozulması halları haqda məlumatlar təqdim olunub.

Bu vəhşiliklər siyahısını nəzərdən keçirərkən Ukraynadakı münaqişənin dözülməz fəsadlarının artmaqda davam etdiyini qeyd edən BMT-nin insan haqları üzrə ali komissarı davam edən hərbi əməliyyatların ən ağır yükünü mülki əhalinin daşıdığını bildirib. O, Rusiyanı və az da olsa Ukraynanı Beynəlxalq Humanitar Hüququ (IHL) pozmaqda ittiham edib.

"Mülki vətəndaşlar arasında çox sayda itki və mülki infrastruktura hücumlar nəticəsində dağıntıların miqyası Rusiya silahlı qüvvələrinin Beynəlxalq Humanitar Hüquqa (IHL) uyğun gəlmədiyinə dair əhəmiyyətli narahatlıqlar yaratmaqda davam edir. Daha az miqyasda olsa belə, Ukrayna silahlı qüvvələrinin ölkənin şərq bölgələrində IHL-ə tam əməl etmədiyi də görünür" - deyə, Başele bildirib.

Kremençuka raket hücumu
Kremençuka raket hücumu

Başele Birləşmiş Millətlər Təşkilatının Ukraynada 10 mindən çox mülki vətəndaşın öldüyünü və ya yaralandığını sənədləşdirdiyini deyib. O, faktiki rəqəmlərin xeyli yüksək ola biləcəyini əlavə edib. Onun sözlərinə görə, mülki əhali arasında itkilərin əksəriyyəti əhalinin məskunlaşdığı ərazilərdə kaset bombalar da daxil olmaqla, partlayıcı silahlar səbəbindən baş verib.

Kyiydən videobağlantı vasitəsilə danışan Ukrayna xarici işlər nazirinin birinci müavini Əminə Caparova şuraya Rusiyanın raketləri, bombaları və mərmilərinin hər gün günahsız ukraynalıların həyatına son qoyduğunu bildirib. Onun sözlərinə görə, Ukrayna Baş Prokurorluğu Rusiya qüvvələri tərəfindən törədilən 20 mindən çox təcavüz və hərbi cinayəti qeydə alıb.

"Kremençuk şəhərində onlarla günahsız mülki şəxsin ölümü ilə nəticələnən ticarət mərkəzinə edilən hücumların hərbi baxımdan heç bir əsası yoxdur. Bu, açıq şəkildə terror hücumu idi. Biz beynəlxalq insan haqları və istintaq mexanizmlərini bütün Rusiya cinayətlərinə obyektiv qiymət verməyə çağırırıq" - deyə, Caparova bildirib.

Rusiyanın Cenevrədəki missiyasının birinci müşaviri Yevgeniy Ustinov ali komissarı yalan yaymaqda ittiham edib və hesabatın Rusiyaya qarşı dezinformasiya kampaniyasının bir hissəsi olduğunu deyib. O bildirib ki, ali komissarlıq Kyiv rejiminin və onun qərbli sponsorlarının cinayətlərinə şərik olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG