Accessibility links

BMT-də Təhlükəsizlik Şurasının üzvləri Putinin ilhaq planlarını rədd edir


ABŞ Dövlət katibi Antoni Blinken
ABŞ Dövlət katibi Antoni Blinken

Cümə axşamı BMT Təhlükəsizlik Şurasının üzvləri Rusiyanı Ukraynada müharibəni qızışdırdığına görə qınayıb, Prezident Vladimir Putini daha çox qoşun səfərbər etdiyinə və nüvə silahından istifadə etməklə hədələdiyinə görə tənqid edib.

ABŞ Dövlət katibi Antoni Blinken Baş Assambleyanın illik toplantısı çərçivəsində keçirilən xarici işlər nazirlərinin xüsusi sessiyasında "Şuranın hər bir üzvü bu ehtiyatsız nüvə təhdidlərinin dərhal dayandırılmasına dair aydın mesaj göndərməlidir" deyib.

"Bu ilhaq müharibəsidir. Fəth müharibəsidir. Prezident Putin indi bu müharibəyə Rusiyanın daha çox gənc oğlan və qızını göndərmək istəyir və bununla da sülhün əldə olunması ehtimalı daha da azalır" - deyə, Britaniyanın yeni xarici işlər naziri Ceyms Kliverli bildirib.

Putin çərşənbə günü özünün Ukraynadakı "xüsusi hərbi əməliyyatına" əlavə 300 min hərbçi cəlb etdiyini elan edib.

"Dünən Putin səfərbərlik elan etdi. Lakin onun bütün dünya qarşısında həqiqətən bunu elan etməsi onun məğlubiyyəti deməkdir. 300 min və ya 500 min nəfəri hərbi xidmətə çağıra bilərsiniz, lakin o, heç vaxt bu müharibədə qalib gəlməyəcək. Bu gün hər bir ukraynalı Ukraynanı və BMT nizamnaməsində təsbit olunmuş prinsipləri müdafiə etməyə hazır bir silah deməkdir," Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.

Rusiya prezidenti həmçinin Ukraynanın işğal olunmuş dörd bölgəsində referendum keçirməyi planlaşdırdığını açıqlayıb ki, bu da həmin əraziləri ilhaq etmək cəhdidir.

İrlandiyanın xarici işlər və müdafiə naziri Saymon Koveni "Bu, güc tətbiq etməklə beynəlxalq səviyyədə tanınmış sərhədləri dəyişdirmək cəhdidir və heç bir saxta referendum bu əsas faktı dəyişdirə bilməz" deyib.

BMT-nin Baş katibi Antonio Quterreş şuraya bildirib ki, son hadisələr "təhlükəli və narahatedicidir".

"Bir vaxtlar ağlasığmaz olan nüvə münaqişəsi ideyası müzakirə mövzusuna çevrilib. Bu, özlüyündə tamamilə qəbuledilməzdir"Quterreş deyib.

Hətta Rusiyanın müttəfiqləri belə müharibənin istiqaməti ilə bağlı narahatlıqlarını ifadə edib.

"Ukrayna münaqişəsinin trayektoriyası bütün beynəlxalq ictimaiyyət üçün dərin narahatlıq doğurur. Gələcəyin perspektivləri daha narahatedici görünür. Nüvə məsələsi xüsusi narahatlıq doğurur," Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar deyib.

Çinin xarici işlər naziri tərəfləri ilkin şərt olmadan danışıqları bərpa etməyə, "təmkinli olmağa və gərginliyi artırmamağa" çağırıb.

"Danışıqlara ağlabatan narahatlıqları daxil edin və mümkün variantları masaya qoyun ki, danışıqlar nəticə verə və sülh gətirə bilsin" - deyə, Vanq Yi bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG