Accessibility links

BAEA rəhbəri: Zaporijya Atom Elektrik Stansiyasına hücumlar "odla oynamaq" deməkdir


Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Mariano Qrossi
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Mariano Qrossi

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri çərşənbə axşamı bildirib ki, Ukraynanın Zaporijya Atom Elektrik Stansiyasına (AES) davamlı hücumlar "qəbuledilməzdir". O, obyektin daxilində və ətrafında silahsızlaşdırılmış zona yaradılmasına çağırıb.

"Biz odla oynayırıq və çox, çox fəlakətli bir şey baş verə bilər" - deyə, Rafael Mariano Qrossi BMT Təhlükəsizlik Şurasında video-brifinq zamanı xəbərdarlıq edib.

O, "buna görə də biz hesabatımızda ərazinin perimetri və zavodun özü ilə məhdudlaşan nüvə təhlükəsizliyi və təhlükəsizlik mühafizə zonasının yaradılmasını təklif etmişik" deyib.

Onun sözlərinə görə, BAEA belə bir zonanın yaradılması üçün konkret addımlar atacaq tərəflərlə dərhal məsləhətləşmələrə başlamağa hazırdır.

BAEA rəhbəri keçən həftə elektrik stansiyasındakı missiyadan sonra çərşənbə axşamı səhər hesabat yayıb. Orada o və komandası zavoda böyük xəsarət dəydiyini bildirsə də, bunda heç bir tərəfi günahlandırmayıb. Martın əvvəlindən hərbi qüvvələri obyektə nəzarət edən Rusiya və mühəndisləri zavodu idarə edən Ukrayna bir-birini obyekti atəşə tutmaqda ittiham edir.

BAEA stansiyanın içərisində Rusiya əsgərləri və texnikasını, eləcə də turbinlərinin yaxınlığında hərbi maşınların dayandığını görüb. Onlar, həmçinin işçilərin vəziyyətini də qeyd edib.

"Rusiyanın işğalı altında stansiyanın ukraynalı işçiləri xüsusilə məhdud sayda personalı nəzərə alaraq, daim yüksək stress və təzyiq altındadırlar. Bu, insan tərəfindən səhvlərin artmasına və nüvə təhlükəsizliyinə təsir edən səhvlərə səbəb ola bilər" - deyə, hesabatda bildirilib.

BMT-nin Baş katibi Antonio Quterreş şuraya bunun region və onun hüdudlarından kənarda fəlakətə səbəb ola biləcəyini, buna görə də elektrik stansiyasına xəsarət dəyməməsi üçün bütün addımların atılmalı olduğunu deyib.

"Zavodun sırf mülki infrastruktur kimi bərpası üçün bütün səylər həyati əhəmiyyət kəsb edir" - deyə, o bildirib.

Baş katib Ukrayna və Rusiya qüvvələrini nüvə stansiyasının daxilində və ya ətrafında heç bir hərbi əməliyyat aparmamağa və silahsızlaşdırılmış zona yaradılması öhdəliyini götürməyə çağırıb.

Prezident Volodimir Zelenski çərşənbə axşamı gecə video-müraciətində deyib ki, Kyiv stansiyanın "mühafizəsinin" nə demək olduğunu başa düşmək üçün BAEA-nın təklifini öyrənməli olacaq.

Rusiya nümayəndəsi BAEA komandası oraya gedərkən belə Ukraynanı ərazini dəfələrlə atəşə tutmaqda günahlandırıb. Vasili Nebenziya BAEA-nın sılahsızlaşdırma ilə bağlı təklifi barədə şərh verməyib.

Vaşinqton nümayəndəsi Rusiyanın Ukraynaya müdaxiləsi nəticəsində yaratdığı vəziyyətə görə məsuliyyəti boynundan atmaq üçün irəli sürdüyü ittihamları "nağıl" adlandırıb.

XS
SM
MD
LG