Accessibility links

BMT Baş Assambleyası İsrail-HƏMAS arasında atəşkəsə çağıran qətnaməyə səs verəcək


BMT Baş Assambleyası dekabrın 12-də Qəzzada təcili humanitar atəşkəs tələb edən qətnamə layihəsini müzakirə etmək üçün fövqəladə iclas keçirməyə hazırlaşır.

Qətnamədə "Qəzza zolağında fəlakətli humanitar vəziyyət və Fələstinin mülki əhalisinin əzabları ilə bağlı ciddi narahatlıq" ifadə edilir və beynəlxalq hüquq çərçivəsində həm İsrail, həm də Fələstinin mülki vətəndaşlarının müdafiəsinin vacibliyi vurğulanıb.

Qətnamənin tərəfləri beynəlxalq hüquqa riayət etməyə çağıraraq, bütün girovların dərhal azad edilməsini və humanitar yardımın təmin edilməsini tələb edib.

Oxşar qətnamə keçən həftə BMT Təhlükəsizlik Şurasında ABŞ-ın veto qoymasına görə uğursuz oldu. Baş Assambleyada veto qoyulma haqqı yoxdur və Baş Assambleyanın qətnamələri məcburi olmasa da, siyasi çəkisi var.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bazar ertəsi jurnalistlərlə keçirdiyi brifinqdə ABŞ-ın Təhlükəsizlik Şurasının qətnaməsinə etirazının səbəbini izah edib.

Miller "Biz açıq şəkildə humanitar fasilələri dəstəklədiyimizi, atəşkəsin əldə olunmasını dəstəklədiyimizi bildirdik. Lakin bu, oktyabrın 7-ni planlaşdıran və həyata keçirən HƏMAS rəhbərliyinə Qəzzada fəaliyyətini davam etməsinə və gələcək hücumlar planlaşdırmasına imkan verəcək. Bu, qəbuledilməzdir" deyə, bildirib.

Çərşənbə axşamı BMT sessiyası ərəfəsində Qəzzada döyüşlər, eləcə də Qəzzanın mərkəzi və cənubunda İsrailin hava hücumları davam edib.

İsrail hərbçilərinin bildirdiyinə görə, onun hava hücumları Qəzza zolağı boyu raket buraxılış məntəqələrinə yönəlib və quru qoşunları reydlər zamanı 250 raket, minaatan və reaktiv qumbaraatan aşkar edib.

İsrailin işğalı altında olan İordan çayının qərb sahilindəki Fələstin Səhiyyə Nazirliyi İsrail qüvvələrinin Cenin şəhərində 4 fələstinlini öldürdüyünü bildirib.

Fələstin Qızıl Aypara Cəmiyyəti ölənlərin İsrailin pilotsuz təyyarəsinin hücumu nəticəsində baş verdiyini bildirib.

Oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan və İsrailin HƏMAS-ı məhv etmək üçün Qəzza zolağına hücuma başlamasından bəri İordan çayının qərb sahilində 270-ə yaxın fələstinli həlak olub.

Forum

XS
SM
MD
LG