Təhlilçi Umud Şükri Amerikanın Səsi ilə söhbətdə İranın ABŞ və bölgə ölkələri ilə münasibətlərinin hazırkı durumunu, həmçinin prezident Bayden administrasiyasının İranla nüvə sazişinə qayıtma yönündəki planlarını şərh edib.
Prezident Baydenin administrasiyası ABŞ-ın İranla nüvə anlaşması ilə bağlı danışıqlara yenidən qoşulacağını elan edib.
Məncə, İranın bu nüvə proqramı və raketdən vaz keçməsi biraz çətindir. Xalq dili ilə desək, İran günü qurtarmağa çalışır. Məncə İran bunları qəbul etsə də, bu müvəqqəti olacaq.
Umud Şükrinin sözlərinə əsasən, İran İslam Respublikası çətin durumda olan iqtisadiyyatını canlandırmaq üçün nüvə anlaşmasını istəyir, lakin bunu müvəqqəti bir çözüm olaraq görür.
“İranın anlaşmadan məqsədi sanksiyaların qaldırılması, iqtisadiyyatın canlanması və hər gün ən az bir milyon barel neft sata bilməkdir. Amma Amerika deyir ki, İran xarici siyasətini dəyişməli, balistik raket proqramını durdurmalı və nüvə proqramını da bugünkü səviyyəsindən daha öncəki səviyyəyə qaytarmalıdır. Məncə, İranın bu nüvə proqramı və raketdən vaz keçməsi biraz çətindir. Xalq dili ilə desək, İran günü qurtarmağa çalışır. Məncə İran bunları qəbul etsə də, bu müvəqqəti olacaq,” enerji üzrə ekspert söyləyir.
Şükri prezident Baydenin hakimiyyətə gəlməsindən sonra İran lobbisinin Vaşinqtonda daha da gücləndiyini önə çəkir:
“Bayden vəzifəsinin icrasına başladığından bəri Vaşinqtonda İran lobbisi güclənib. İrana yaxın iki iranlı amerikalı nazirliklərdə vəzifələrə təyin olunublar. Bu da İran lobbisinin güclənməsinə səbəb olacaq ki bunu, universitetlərdə, beyin mərkəzlərində və həm də mediada görürük.”
İran bazarı 85 milyonluq bir bazardır və bütün Avropa şirkətləri, Çin, Rusiya və Türkiyə şirkətləri bu bazardan pay almaq istəyirlər.
İsrail və Səudiyyə Ərəbistanı İranla danışıqların bərpa edilməsindən narahat olduqlarını gizlətmirlər. Umud Şükri hesab edir ki, İran və ABŞ arasında saziş əldə edilsə, bu İsrail və ərəb dövlətlərinin yaxınlaşmasına yol açacaq.
“İran və Bayden administrasiyası arasında barış təmin edilsə, bu ona səbəb olar ki, ərəblər və İsral bir-birlərinə daha yaxınlaşsınlar və İranın qarşısında bir cəbhə yaransın. Səudiyyə Ərəbistanı da bu nüvə danışıqlarında yer almaq istəyir, çünki narahatlıqlarının yeni anlaşmada nəzərə alınmasının tərəfdarıdır. İsrail isə onsuzda durumdan razı deyil,” təhlilçi bildirir.
Son vaxtlar, İran və Türkiyə arasında bəzi gərginliklərin yaşanmasına baxmayaraq, Umud Şükrinin sözlərinə görə, nüvə sazişinin bərpa edilməsi Türkiyənin də xeyrinə olacaq.
O deyir ki, “İranda özəlliklə türk firmalar üçün çox böyük bir bazar var. Sanksiyalar qalxarsa, təbii ki, türk şirkətlər və türk məhsulları İran bazarına gələcək. İran bazarı 85 milyonluq bir bazardır və bütün Avropa şirkətləri, Çin, Rusiya və Türkiyə şirkətləri bu bazardan pay almaq istəyirlər. Türkiyə də qonşu sərhədlərin içində sabitlik istəyər ki, onunla ticarət etsin və nüfuzunu da çoxaltsın. İran üzərindən sanksiyalar qalxsa, həm Türkiyənin enerji şirkətləri İrana açıla bilər, həm də İrandan ucuz qiymətə neft ala bilər. Yəni Türkiyə İran və Qərbin yaxınlaşmasına isti yanaşır.”
Umud Şükri həmçinin Türkiyə və İsrail, habelə Türkiyə ilə Səudiyyə Ərəbistanı və BƏƏ arasındakı siyasi problemlərin bir qisminin çözülməsinə dair siqnallara diqqət çəkərək əlavə edir ki, “Türkiyə ilə ərəblərin yaxınlaşması, eyni zamanda Türkiyə və İsrail arasında problemlərin çözülməsi Türkiyə və İsrailin gücünün bölgədə daha da artacağı anlamına gələr ki, bu da istər-istəməz bəzi bölgələrdə İranın maraqlarına zidd olacaq.”