Accessibility links

Ukraynanın Müdafiə naziri ABŞ-dan yeni hərbi yardım istəyib


Ukraynanın müdafiə naziri Aleksiy Reznikov yeni vəzifəsində ABŞ-a ilk səfəri zamanı Rusiya tərəfindən təcavüz ehtimalının artması fonunda hərbi yardım istədiyi bildirib.

Müdafiə naziri Lloyd Ostinlə görüşdən bir gün sonra noyabrın 19-da Ukraynanın Vaşinqtondakı səfirliyində jurnalistlərə açıqlama verən Reznikov deyib ki, Ukrayna Rusiya təhdidlərinin qarşısını almaq üçün hava və dəniz imkanlarını gücləndirməlidir.

“Aqressiyanı dayandırmaq üçün biz göstərməliyik ki, bu, onlara baha başa gələcək” – deyə, o qeyd edib.

Bununla belə, Reznikov ABŞ-dan konkret nələri tələb etdiyini açıqlamqdan imtina edib.

Ukrayna bu ayın əvvəlində Rusiyanın öz sərhədi yaxınlığında 90 minə yaxın əsgər topladığını bildirərək, Qərbdə Kremlin ölkəni işğal edə biləcəyi ilə bağlı narahatlığa səbəb olub.

Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edib və Ukraynanın iki şərq əyalətində döyüşçülərə dəstək verir. Bu günə qədər davam edən münaqişə ən azı 13200 nəfərin həyatına son qoyub.

Son insidentdə Ukrayna noyabrın 19-da bildirib ki, əsgərlərindən biri şərqdə Moskvanın dəstəklədiyi separatçılar tərəfindən öldürülüb.

Rusiyanın təcavüzü ABŞ-ı Ukraynaya hərbi yardım, o cümlədən ildə təxminən 250 milyon dollar dəyərində öldürücü tank əleyhinə raketlər təklif etməyə başlamağa vadar edib.

Reznikov bildirib ki, Ostindən ABŞ-ın Ukrayna ilə “çiyin-çiyinə” olacağına dair “çox güclü” öhdəlik götürüb.

Noyabrın 18-də Reznikovla birgə mətbuat konfransı zamanı Ostin bildirib ki, Birləşmiş Ştatlar Rusiyanın Ukrayna ilə sərhədə yaxın ərazilərdə hərbi hərəkətlərini “diqqətlə izləyir” və ölkəyə “tərəddüdsüz dəstəyi” ifadə edib.

55 yaşlı keçmiş hüquqşünas və baş nazirin müavini Reznikov noyabrın 4-də Andrey Taranı əvəz edərək müdafiə naziri vəzifəsinə təsdiq edilib.

XS
SM
MD
LG