Accessibility links

Ukraynada nümayişçilər erkən seçkilər keçirilməsini tələb edir [Fotoqalereya]


Prezident Yanukoviç parlamentin təcili sessiyasını çağıraraq, böhrana son qoyulması yollarını müzakirə edib.

Bu gün Ukraynada müxalifət liderləri prezident Viktor Yanukoviç yeni seçkilər tələbinə 24 saat ərzində cavab vermədiyi təqdirdə, hökumət qüvvələri ilə qarşıdurmanı davam etdirəcəklərini bildirməsindən bir neçə saat sonra ölkədə zorakılıqlar yenidən baş qaldırıb.

Ukraynanın Davosda keçirilən Beynəlxalq İqtisadiyyat Forumunda iştirak edən baş naziri Mıkola Azarov erkən seçkilər tələbini qeyri-real adlandıraraq, nümayişçiləri çevriliş cəhdində ittiham edib.

Müxalifətin ultimatumu polislə münaqişələr zamanı hökumət əleyhdarı 3 nəfərin ölümündən bir gün sonraya təsadüf edib. Onlardan ikisi polisin açdığı atəş nəticəsində aldığı yaralardan, üçüncüsü isə qaçan zaman yıxılaraq həlak olub.

Bəzi nümayişçilər deyir ki, polis nümayişlərə qarşı ifrat gücdən istifadə edib.

Müxalifət liderləri nümayişçiləri prezidentdən son tələblə bağlı cavab gözlədikləri vaxt ərzində zorakılıqlardna yayınmağa çağırıb. Vaşinqton ölkədə zorakılıqları tənqid edib və Obama administrasiyası hökumətə qarşı sanksiyaları nəzərdən keçirir.

Xatırladaq ki, keçən ilin noyabr ayında Ukrayna prezidenti Viktor Yanukoviçin mövqeyini dəyişərək, Avropa İttifaqı ilə ticarət sazişi imzalamaqdan imtina edib, Rusiya ilə daha yaxın əlaqələr qurmaq kursu götürməsindən sonra paytaxt Kiyev və ölkənin başqa şəhərlərində hökumət əleyhinə nümayişlər keçirilir.

Moskva Ukraynanın tənəzzüldə olan iqtisadiyyatını gücləndirmək üçün Rusiya qazının qiymətini azaltmağa söz verib.
XS
SM
MD
LG