Accessibility links

Ukrayna və Rusiya xarici işlər nazirləri atəşkəsin bərpasını müzakirə etməyə razılıq verib


Ukrayna, Rusiya, Fransa və Almaniyanın xarici işlər nazirləri Ukrayna hökuməti və Rusiya tərəfdarı separatçı qüvvələr arasında atəşkəsin bərpası məqsədilə müzakirələrin şənbə günündən gec olmayaraq başlanması haqda razılıq əldə edib.

Dörd ölkənin baş diplomatı Berlində danışıqlardan sonra açıqlanan bəyanatda bildirib ki, Ukrayna, Rusiya və separatçıların nümayəndələri arasında danışıqların əsas məqsədi ATƏT tərəfindən monitorinq ediləcək qeyd-şərtsiz və qarışılıqlı şəkildə davamlı atəşkəsin əldə edilməsindən ibarətdir.

Ukrayna prezidenti Petro Poroşenko birtərəfli qaydada iyunun 20-də atəşkəs elan edib bir həftədən sonra onun müddətini daha üç gün uzatmışdı. Bəzi separatçı liderlərin Kiyevlə paralel olaraq atəşkəsə əməl ediləcəyini bildirməsinə baxmayaraq, Ukrayna hökuməti üsyançıların atəşkəs rejimini 100 dəfədən artıq pozduğunu bəyan edib. Cənab Poroşenko atəşkəsin müddətinin ikinci dəfə uzadılmasına razı olmayaraq, Ukraynanın şərqində hərbi əməliyyatların bərpa edib.

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının sözçüsü Andriy Lısenko əvvəlki 24 saat ərzində Ukrayna hərbi qüvvələrinin beş üzvünün qətlə yetirildiyini, 21 üzvünün isə yaralandığını, şiddətli döyüşlərdə yüzlərlə üsyançı döyüşçünün öldüyünü bildirib.

Lısenkonun sözlərinə görə, hökumət qüvvələri üç ərazidə nəzarəti ələ alıb və separatçıların 120 obyektinə zərbələr endirib, separatçılar isə hərbi maşın karvanı, yoxlama məntəqələri və mövqelərə 19 hücum təşkil edib.

XS
SM
MD
LG