Accessibility links

Separatçılar ATƏT müşahidəçilərini Debaltseveyə buraxmır


Rusiya tərəfdarı separatçılar Avropa müşahidəçilərini Ukraynaın şərqində müharibənin getdiyi Debaltseve şəhərinə buraxmayıblar.

ATƏT bildirib ki, gecə yarısında başlayaraq Ukraynanın şərqində atışmaların dayandırılmasına dair razılıq əldə olunsa da, üsyançıların nəzarətindəki Luqansk və Donetsk arasındakı dəmit yolu qovşağı olan Debaltsevedə döyüşlər davam edib.

Üsyançıların iddiasına görə, atəşkəs razılığı Debaltseveyə şamil olunmur. Şəhərdə üsyançılar Ukrayna qüvvələrini mühasirəyə almağa çalışır.

Ukrayna ordusunun sözçüsü Andriy Lısenkonun sözlərinə görə, keçən həftə Belarus paytaxtı Minskdə əldə olunan atəşkəs razılığı qüvvəyə minəndən sonra bir neçə saat ərzində separatçılar Kiyev qüvvələrini 10 dəfədən artıq artilleriya hücumuna məruz qoyub. Ancaq o, ümumilikdə ölkənin şərqində sabitliyin bərqərar olduğunu bildirib.

Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Valentin Nalivayçenko deyib ki, Luqansk regionunda atışmalara görə Rusiya kazakları məsuliyyət daşıyır.

XS
SM
MD
LG