Accessibility links

Moskva-Kyiv danışıqlarına fürsət yaranıb


Ukraynanın şərqindəki münaqişəni aradan qaldırılması yolunda Moskva ilə Kyiv arasında danışıqların üç il davam edən fasiləsindən sonra ilk dəfə beynəlxalq zirvə görüşünə fürsət yaranıb.

Avropa qüdrətləri olan Fransa və Almaniya da sülh səylərinə qatıldıqlarını bildirib.

Ukraynanın şərqində Rusiya tərəfdarı separatçılarla Ukraynanın hökumət qüvvələri arasında beş ildən çoxdur davam edən münaqişə 13 mindən çox insanın həyatına son qoyub.

Moskva və Kyivdən gələn nümayəndələr çərşənbə axşamı separatçı bölgədə seçkilər və həmin bölgəyə xüsusi status verən qanunvericilik barədə razılığa gəlib.

"Bu gün "Normandiya Dördlüyü" sammitinə gedən yoldakı son əngəllər aradan qaldırıldı. Düşünürəm ki, yaxın vaxtda tarix müəyyən ediləcək" - deyə, Ukrayna prezidenti Volodimir Zelenski çərşənbə axşamı jurnalistlərə bildirib.

Rusiya, Ukrayna, Fransa və Almaniya liderlərinin Normandiya formatında görüşü son dəfə 2016-cı ilin oktyabrında keçirilib.

TASS xəbər agentliyinin bildirdiyinə görə, Kremlin sözçüsü Dmitri Peskov Moskvanın danışıqların gedişini müsbət qiymətləndirdiyini bildirib. "İndi maraqlı tərəflər və onların nümayəndələri sammitin keçirilməsi perspektivləri üzərində işləyəcək. Ümid edirik ki, görülən işlər yaxın gələcəkdə daha aydın olacaq" - deyə, o bildirib.


XS
SM
MD
LG