Accessibility links

Ukrayna liderləri Rusiyanın işğalından bir həftə sonra inamlarını bir daha ifadə edib


Rusiya ordusunun Ukraynanı işğalından bir həftə keçir. Bu bir həftə ərzində Rusiya qüvvələri Ukraynanın böyük şəhərlərini atəşə tutmaqda davam edib və ölkədən qaçanların sayı 1 milyonu keçib.

Rusiyanın Xarkov, Çerniqov və Mariupola hücumlarına baxmayaraq, Böyük Britaniyanın Müdafiə Nazirliyi cümə axşamı həmin şəhərlərin hamısının Ukraynanın əlində olduğunu bildirib. Nəzarətin kimin əlində olduğuna dair mübahisəli iddialar fonunda şəhərdə rus qoşunlarının olduğu deyilən Xerson şəhərinin isə statusu bəlli deyil.

Ukrayna prezidenti Vladimir Zelenski cümə axşamı etdiyi video müraciətində “Biz bir həftə ərzində düşmənin planlarını məhv etmiş xalqıq. Onlar burada rahat olmayacaq. Onların yeməkləri olmayacaq. Onların burada bir an belə sakitliyi olmayacaq” deyib.

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov Rusiyanın işğaldan əvvəl Ukraynanı tez bir zamanda ələ keçirəcəyi ilə bağlı gözləntilərinə istinad edərək, Facebook-da bunları yazıb: “Nə Rusiyada, nə də Qərbdə heç kim bizim bir həftə dayanacağımıza inanmırdı. Qarşıda çətinliklər olsa belə, Ukraynanın inamlı olması üçün çox səbəbi var”.

Potensial bir irəliləyiş əlaməti çox az olsa da, cümə axşamı tərəflər arasında sülh danışıqlarının ikinci raundu keçirilməlidir. Bazar ertəsi keçirilən ilk görüşdə yalnız gələcək danışıqlar üçün planlar müzakirə edilib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov cümə axşamı jurnalistlərə Rusiya qüvvələrinin Ukraynanın hərbi infrastrukturunu məhv etmək səylərini davam etdirəcəyini və qonşusunun Rusiya üçün hərbi təhlükə təşkil etməsinə imkan verməyəcəyini deyib.

ABŞ dövlət katibi Antoni Blinken bildirib ki, Birləşmiş Ştatlar vəziyyətin diplomatik həlli üçün hələ də açıqdır, lakin Rusiya ilk növbədə gərginliyi azaltmalıdır.

"Toplardan atəş açılanda və tanklar hərəkətdə olanda diplomatiyanın uğur qazanması çətindir" - deyə, o, çərşənbə günü jurnalistlərə bildirib.

Blinken NATO və digər müttəfiqlərlə Rusiyanın işğalı ilə bağlı bir sıra görüşlər keçirmək üçün cümə axşamı Avropaya səfər edir. NATO-nun xarici işlər nazirləri cümə günü Brüsseldə fövqəladə toplantı keçirməyi planlaşdırır. Şənbə günü Blinken Ukrayna qaçqınlarına təhlükəsizlik və humanitar yardımı müzakirə etmək üçün Polşaya səfər edəcək.

XS
SM
MD
LG