Accessibility links

Rusiya ukraynalıların təxliyəsi ilə bağlı yeni atəşkəs planlarını açıqlayıb


Çərşənbə günü Rusiya Ukraynanın dinc əhalisinin mühasirəyə alınan bir neçə bölgəsini tərk etməsinə icazə vermək üçün yeni atəşkəs planlarını açıqlayıb. Bu plan minlərlə insanın Ukraynanın şimal-şərqindəki şəhəri tərk edə bilməsindən və Ukrayna rəsmilərinin Rusiyanı ölkənin cənub hissəsindəki daha bir evakuasiya marşrutunu atəşə tutmaqda günahlandırmasındann bir gün sonra açıqlanıb.

Ukraynanın Baş nazir müavini İrina Vereşukun bildirdiyinə görə, Rusiya evakuasiya marşrutlarının Sumı, Mariupol, Enerhodar, Volnovaxa, İzyum və paytaxt Kyiv yaxınlığındakı bir neçə şəhərdən ediləcəyini təsdiqləyib.

Vereşuk bildirib ki, çərşənbə axşamı Sumıdan 5000 nəfəri təxliyə etmək mümkün olub.

Lakin çərşənbə axşamı Rusiyanın mühasirədə saxladığı Mariupol şəhərindən insanları çıxarmaq cəhdləri uğursuzluqla nəticələnib. Vereşuk elektrik, istilik, ərzaq və su ehtiyatlarının azaldığı bu cənub-şərq liman şəhərinə gələn humanitar yük karvanının Rusiya qüvvələri tərəfindən atəşə tutduğunu deyib.

"Mariupoldakı vəziyyət fəlakətdir" - deyə, Qızıl Xaç təşkilatının sözçüsü Evan Vatson bildirib.

Rusiyanın işğalına cavab olaraq çərşənbə günü Avropa İttifaqı sanksiyalarını genişləndirməyə - Rusiyanın yüksək rütbəli məmurlarını və oliqarxlarını, dəniz sektorunu, eləcə də bir sıra Belarus bankını hədəf alan tədbirlər həyata keçirməyə razılıq verib.

Çin Xarici İşlər Nazirliyi çərşənbə günü bildirdiyinə görə, Çinin Qırmızı Xaç Cəmiyyəti Ukraynaya təxminən 800 min dollar dəyərində humanitar yardım göndərir. Bununla yanaşı Çin Rusiyaya qarşı tətbiq edilən sanksiyalara qarşı olduğunu bir daha təkrar edib.

Kremlin sözçüsü Dmitri Peskov çərşənbə günü jurnalistlərə ABŞ “Rusiyaya qarşı iqtisadi müharibə aparır” deyib.

ABŞ prezidenti Co Bayden çərşənbə axşamı Ukraynaya işğala cavab olaraq Rusiyadan neft və digər enerji idxalına qadağa qoyub.

Bayden deyib ki, Rusiyadan neft və qazın alınmasını dayandırmaq qərarı "ABŞ-a da öz təsirini göstərəcək". Lakin o, Vaşinqtonun bu addımı atmalı olduğuna inandığını deyib.

Ukrayna prezidenti Volodimir Zelenski çərşənbə axşamı tviter səhifəsində Rusiya enerjisinə qadağa qoyduğuna və bununla “Putinin döyüş maşınının ürəyinə zərbə vurduğuna” görə Baydenə təşəkkür edib.

XS
SM
MD
LG