Accessibility links

Ukrayna Rusiyanın Mariupolun təslim olmasına dair ultimatumunu rədd edib


Rusiya qüvvələri paytaxt Kyivi atəşə tutmaqda davam etdiyi bir vaxt Ukrayna Rusiyanın mühasirədə olan Mariupol şəhərinin təslim edilməsi ilə bağlı ultimatumunu rədd edib.

Ukrayna baş nazirinin müavini İrina Vereşuk Rusiyanın tələbini rədd edərək, Rusiyanın insanların Mariupoldan çıxa bilməsi üçün humanitar dəhlizlər açmalı olduğunu deyib.

“Hər hansı təslim olmaqdan, silahı yerə qoymaqdan söhbət gedə bilməz. Biz artıq bu barədə Rusiya tərəfini məlumatlandırmışıq” - deyə, Vereşuk “Ukrayna Pravdası” xəbər agentliyinə bildirib.

Rusiyanın dövlət xəbər agentliyi RİA-nın məlumatına görə, Rusiya Müdafiə Nazirliyi bazar ertəsi Ukrayna ordusuna səhərə qədər möhlət verib və təslim olmaqdan imtina etməni “quldurların” tərəfinə keçmək kimi qiymətləndirəcəyini bildirib.

Keçən gecə Kyiydəki ticarət mərkəzinə düşən mərmi azı 4 nəfərin ölümünə səbəb olub.

Böyük Britaniyanın Müdafiə Nazirliyi bazar ertəsi Kyivin şimalında şiddətli döyüşlərin getdiyini, lakin Rusiya qüvvələrinin böyük hissəsinin paytaxtın mərkəzindən 25 kilometrdən çox məsafədə dayandığını bildirib.

Ukrayna prezidenti Volodimir Zelenski bazar günü yayımlanan CNN kanalının müxbiri Fərid Zakariyaya müsahibəsində deyib ki, Rusiya ilə danışıqlar yolu ilə razılığa gəlməmək “üçüncü dünya müharibəsi demək olacaq”.

Zelenski Moskva ilə ərazi bütövlüyünün bərpası və Ukrayna üçün ədaləti təmin edən hərtərəfli sülh danışıqlarına çağırıb. Rusiyanın baş müzakirəçisi bildirib ki, son günlər tərəflər Ukraynanın NATO-ya üzv olmaqdan imtina etməsi və neytral status alması məsələsində razılığa yaxınlaşılıb.

Zelenski CNN agentliyinə deyib ki, Rusiya qüvvələri Ukraynaya “bizi məhv etmək, öldürmək üçün daxil olub”. Lakin o, Ukraynanın suverenliyi və bütövlüyündən imtina etməyəcəyinə söz verib.

“Ruslar uşaqlarımızı öldürdü. Artıq vəziyyəti dəyişə bilməzsiniz. Siz Ukraynadan bəzi əraziləri müstəqil respublika kimi tanınmasını tələb edə bilməzsiniz. Bu kompromislər sadəcə olaraq yanlışdır”- deyə, Zelenski bildirib.

Ukraynanın Mariupol liman şəhərində 400-ə yaxın insanın sığınacaq tapdığı incəsənət məktəbi Rusiya qüvvələri tərəfindən bombalanıb.

ABŞ müdafiə naziri Lloyd Ostin CBS tele kanalına müsahibədə deyib ki, o, Rusiya qüvvələrinin hərbi “kampaniyasının irəliləmədiyi” üçün mülki əhaliyə qarşı bu dəhşətli hücumlara əl atdığını düşünür.

XS
SM
MD
LG