Accessibility links

Ukrayna və Rusiyanın xarici işlər nazirləri arasında atəşkəs razılığı əldə edilməyib


Türkiyənin Antalya şəhərində Ukrayna və Rusiyanın xarici işlər nazirləri - Dmitri Kuleba və Sergey Lavrov arasında görüş keçirilib.

Bu, iki həftə əvvəl Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri iki ölkə nümayəndələri arasında ilk yüksək səviyyəli görüşdür.

“İnterfaks”ın məlumatına görə, müzakirələr saat yarımdan çox davam edib. Görüş jurnalistlərin iştirakı olmadan keçirilib. Zala yalnız bir neçə operator və fotoqraf buraxılıb.

Danışıqlardan sonra keçirilən mətbuat konfransında Ukraynanın xarici işlər naziri Dmitri Kuleba tərəflərin atəşkəslə bağlı razılığa gələ bilmədiklərini deyib.

"Bu gün Rusiyanın atəşkəs rejimi Putinin Ukraynaya qarşı qoyduğu tələblərinin yerinə yetirilməsi ilə əlaqədardır. Ukrayna təslim olmayıb və olmayacaq. Biz diplomatik qərarlara hazırıq, lakin onlar yoxdur. Biz torpaqlarımızı Rusiyanın aqressiyasından fədakarlıqla müdafiə edəcəyik" - deyə, Kuleba bildirib.

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba
Ukraynanın xarici işlər naziri Dmitro Kuleba

O, Ukraynanın diplomatik səylərini davam etdirəcəyini deyib və əlavə edib ki, “Rusiya nə zaman danışıqları təbliğat olmadan davam etdirməyə hazır olsa, biz onu davam etdirməyə hazırıq”.

Bir müddət əvvəl Vladimir Putin Ukrayna ərazisində Rusiya ordusuna qarşı "nasist qruplaşmalarının" döyüşdüyünü demişdi.

Putinin mətbuat katibi Dmitri Peskov deyib ki, Ukrayna Krımı Rusiyanın ərazisi kimi tanısa, Konstitusiyasında hər hansı bloka qoşulmaqdan imtina etdiyini yazsa və separatçı “DNR” və “LNR”nin müstəqilliyini tanısa, “xüsusi hərbi əməliyyat o saat dayandırılacaq”.

"Biz Ukraynada nasist dövləti qurmaq istəmirik", Lavrov görüşdən sonra deyib.

Russiyanın xarici işlər naziri Sergey Lavrov
Russiyanın xarici işlər naziri Sergey Lavrov

O, Ukraynanı Qərbin iradəsinə tabe olmaqda ittiham edib və həmçinin bildirib ki, Mariupolda atışma nəticəsində xəstəxanada olan xəstələr və həkimlər yox, Azov batalyonu məhv edilib.

Görüşdə nazirlər Ukrayna sakinlərinin təxliyəsi üçün humanitar dəhlizləri də müzakirə ediblər. Sergey Lavrov bildirib ki, Kyiv münaqişənin həlli ilə bağlı Moskvanın təkliflərinə tezliklə cavab verəcəyini vəd edib.

Dmitri Kuleba bildirib ki, Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri nüvə təhlükəsizliyi üzrə MAQATE, Rusiya və Ukrayna ekspertləri ilə üçtərəfli məsləhətləşmələr keçirməyi təklif edib.

Lavrov Rusiya səfirinin hansısa ölkəni Rusiyaya qarşı sanksiyalara qoşulmamağa inandırmağa çalışıb-çalışmadığı sualını da cavablandırıb.

"Dünya boyu qaçıb istənilən suveren, müstəqil ölkəni böyük qardaşın əmrini yerinə yetirməyə məcbur etmək bizim adət-ənənələrimizdə yoxdur. Bildiyiniz kimi, biz nəzakətli insanlarıq" - deyə, Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.

Kuleba ilə Lavrov arasında keçirilən danışıqlarda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da iştirak edib. Onun sözlərinə görə, görüşün məqsədi Ukrayna və Rusiya prezidentləri arasında danışıqlara doğru addım atmaqdır.

XS
SM
MD
LG