Aktyorlar Mila Kunis və Aşton Katçer müharibədən qaçan ukraynalılar üçün pul toplama kampaniyasına başlayıb və artıq 35 milyon dollar toplayıb. Volodimir Zelenski öz tvitter səhifəsində Hollivud cütlüyünə təşəkkür edib.
"Aşton Katçer və Mila Kunis bizim kədərimizə ilk cavab verənlər arasında oldu. Onlar artıq 35 milyon toplayıblar və bu pul ukraynalı qaçqınlara yardım üçün Flexport və Airbnb-a göndəriləcək. Dəstəklərinə görə onlara təşəkkür edirəm. Onlar bütün dünyanı ruhlandırır" - deyə, prezident yazıb.
Aktrisa Mila Kunis Çernovtsidə anadan olub. 1991-ci ildə, 8 yaşı olanda ailəsi ilə birlikdə ABŞ-a mühacirət edib və Los-Ancelesdə məskunlaşıb.
Kunis və Katçer yardımı martın 3-də toplamağa başlayıb. Onlar əvvəlcə 30 milyon dollar toplamağı planlaşdırsalar da, vəsait daxil olmaqda davam edir. Üç milyon dolları aktyorların özləri ianə edib. Kunis və Katçerin dediyinə görə, ianənin toplanmasında 68 mindən çox fiziki və hüquqi şəxs iştirak edib.
Kunis və Katçher Instagram səhifəsində paylaşdıqları açıqlamada "Bu problemin həlli olmasa da, birgə səylərimiz gələcəkdə onları nəyin gözlədiyini bilməyən insanların nisbətən rahatlığını təmin edəcək. Bizim işimiz hələ bitməyib" yazıb.
BMT-nin məlumatına görə, Rusiya hərbi qüvvələrinin hücumundan sonra bu günə qədər 3,2 milyondan çox insan Ukraynanı tərk edib. Prezident aparatının rəhbərinin müşaviri Mixaylo Podoliakın sözlərinə görə, 11-12 milyon ukraynalı məcburi köçkünə çevrilib.