Accessibility links

Putin Ukraynanın şərqində separatçı regionların “müstəqilliyini” tanıyır


Rusiya prezidenti Vladimir Putinin Ukraynanın şərqində Rusiyanın dəstəklədiyi iki separatçı regionun müstəqilliyinin tanınması haqqında fərmanı imzaladıqdan sonra Rusiyapərəst fəallar separatçıların nəzarətində olan Donetskdə reaksiya verərək küçəyə çıxıb, 21 fevral 2022-ci il.
Rusiya prezidenti Vladimir Putinin Ukraynanın şərqində Rusiyanın dəstəklədiyi iki separatçı regionun müstəqilliyinin tanınması haqqında fərmanı imzaladıqdan sonra Rusiyapərəst fəallar separatçıların nəzarətində olan Donetskdə reaksiya verərək küçəyə çıxıb, 21 fevral 2022-ci il.

Rusiya prezidenti Vladimir Putin Ukraynanın şərqində rusdilli Donetsk və Luqansk regionların “müstəqilliyini” tanıyır.

Reuters xəbər agentliyinin bazar ertəsi verdiyi məlumata görə, Putin Fransa prezidenti və Almaniya kansleri ilə telefon danışığı zamanı Ukraynanın iki separatçı regionunun müstəqilliyini tanıyan fərman imzalamağı planlaşdırdığını deyib.

Rusiyanın Ukraynanın Krım yarımadasını ilhaq etməsindən sonra 2014-cü ildən bəri Donbas regionunda Moskvayönlü separatçılarla Kiyev qüvvələri arasında gedən döyüşlərdə 14 minə yaxın insan həlak olub.

Separatçılar Rusiyadan dostluq müqavilələri imzalamasını və onların bildirdiyi kimi, Ukraynanın davam edən hərbi hücumundan qorunmaq üçün onlara hərbi yardım göstərməsini istəyir.

Hazırda heç bir ölkənin bu respublikaları suveren dövlət kimi tanımamasına baxmayaraq, Rusiya parlamenti keçən həftə Putini 2014-cü ildə Ukraynadan müstəqillik elan etmiş Donetsk və Luqansk Xalq Respublikalarını rəsmən tanımağa çağırıb.

Putin Ukraynanın şərqində döyüşlərə son qoymaq üçün sülhün “perspektivinin” olmadığını deyib. Ukrayna sərhədində təxminən 150 min Rusiya əsgəri cəmləşdiyi halda, Moskva Ukraynanı işğal etmək planının olmadığını iddia edir.

ABŞ Prezidenti Co Bayden bazar günü gecə Rusiya Prezidenti Vladimir Putinlə "prinsipcə" və yalnız Rusiya "hərbi əməliyyatlara başlamayacağı təqdirdə" görüşməyi qəbul edib.

Lakin Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bazar ertəsi ABC kanalının "Sabahın xeyir Amerika" verilişində "Bütün əlamətlər prezident Putinin və rusların Ukraynaya böyük bir hərbi müdaxilə etmək planını davam etdirdiyini göstərir" deyib.

"Biz təkcə son 24 saat ərzində Rusiyanın bölmələrinin sərhədə daha da irəlilədiyini gördük ki, bunun onların hücum mövqeyinə keçməsindən başqa izahatı yoxdur. Dəqiq vaxtı və ya günü proqnozlaşdıra bilmərik, lakin rusların əməliyyatlarını davam etdirdiyi aydın görünür" - deyə, Sallivan bildirib.

XS
SM
MD
LG