Birləşmiş Millətlər Təşkilatı bildirir ki, son 24 saat ərzində təxminən 161,700 olmaqla, keçən ay Rusiyanın işğalı başlayandan bəri Ukraynanı 2,3 milyondan çox insan tərk edib.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının rəhbərinin martın 10-da verdiyi açıqlamada Ukraynada və qonşu ölkələrdə fövqəladə işlər aparılması üçün agentliyin təqribən 500 milyon dollara ehtiyacı olduğunu və bu vəsaitin 300 milyon dollara yaxınının indiyədək özəl ianələr hesabına əldə edildiyini bildirib.
"Bu, Ukrayna xalqı ilə qeyri-adi həmrəyliyin görünməmiş əlamətidir" - deyə, BMT Qaçqınlar üzrə Ali Komissaelığın rəhbəri Filippo Qrandi bildirib.
BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının martın 9-na olan məlumata görə, Ekvador, Qana, Livan və Tunisdən olanlar da daxil olmaqla, Ukraynadan qaçan 109 min insan üçüncü dünya ölkələrinin vətəndaşlarıdır.
Ukraynalı qaçqınların əksəriyyəti Polşaya keçib və onların sayı hazırda 1.42 milyonu ötüb.
Polşa sərhədçiləri martın 10-da tvitter səhifəsində ötən gün sərhədi 117,600 nəfərin keçdiyini bildirib. Lakin hazırda köç dalğasının pik həddə çatdığı və sərhədi gündəlik keçənlərin sayının azaldığını göstərən əlamətlər var.
Hazırda Macarıstanda təxminən 214,160 qaçqın var ki, bu da Ukraynadan qaçanların 9 faizini təşkil edir.
Hazırda Slovakiyada təxminən 165,000, Rumıniyada 84,600, Moldovada isə 83,000 Ukrayna qaçqını var. Daha minlərlə qaçqın Avropa İttifaqına üzv olmayan dövlətdən başqa ölkələrə keçib.
BMT Qaçqınlar üzrə Ali Komissarlığı işğaldan sonra Rusiyada olan qaçqınların sayının 97 mindən çox olduğunu bildirib.