Avropa İttifaqı bazar ertəsi Rusiya qüvvələrinin işğal etdiyi Ukrayna şəhərlərində törətdikləri vəhşiliklərdən sonra Rusiyaya qarşı sanksiyaların yeni mərhələsini müzakirə edəcəyini bildirib.
Avropa İttifaqının xarici siyasət məsələləri üzrə ali nümayəndəsi Cosep Borrell verdiyi açıqlamada ittifaqın “təcili olaraq Rusiyaya qarşı əlavə sanksiyalar üzərində işləyəcəyini” deyib.
“Buça və Ukraynanın digər şəhərlərində törədilən qırğınlar Avropa torpaqlarında törədilən vəhşiliklər siyahısına daxil ediləcək” - deyə, Borrell bildirib.
Sanksiyalar bu həftə müzakirə olunacaq. Avropa İttifaqının xarici işlər nazirləri sanksiyalarla bu həftənin sonunda keçiriləcək NATO-nun iclasında və ya gələn həftə özlərinin iclasında tanış ola biləcək.
Borrelin bəyanatında deyilir ki, Avropa İttifaqı “müharibə cinayətlərinə dair [sübutları]” toplayan və saxlayan Ukrayna prokurorlarına yardım təklif edəcək.
Bəyanatda deyilir ki, Avropa İttifaqı həmçinin Beynəlxalq Cinayət Məhkəməsi və BMT-nin insan haqları üzrə komissarının cinayətlərlə bağlı araşdırmalarını dəstəkləyir.
ABŞ Dövlət katibi Antoni Blinken bazar günü bütün dünyanın Rusiya qoşunlarınin Kyiv yaxınlığındakı Buça şəhərini tərk etməsindən sonra şəhərin küçələrində atılıb qalmış ukraynanıların cəsədlərini ilk dəfə gördüyü vaxt Rusiyanı kəskin şəkildə qınayaraq, Ukraynada hərbi vəhşiliklər törətməkdə günahlandırıb.
“Biz buna laqeyd qala bilmərik. Biz bunu normallaşdıra bilmərik”, ABŞ-ın yüksək səviyyəli diplomatı CNN kanalının “State of the Union” verilişində deyib.
Blinken bu həftə hərbi alyansın Ukraynada davam edən döyüşlərə görə məsuliyyətin Rusiyanın üzərinə qoyulmasında qərarlı olduğunu vurğulamaq məqsədilə NATO-nun digər xarici işlər nazirləri ilə görüşmək üçün Brüsselə səfər edərək.
“Həqiqətən. Bu soyqırımdır”, Ukrayna Prezidenti Volodimir Zelenski küçələrdə insan cəsədlərinə işarə edərək CBS tele kanalının “Face the Nation” proqramında müsahibə zamanı deyib. “Ukrayna Rusiya qüvvələri tərəfindən “dağıdılır və məhv edilir”, Zelenski bildirib.