Accessibility links

Cosep Borrell: Rusiya Mariupolda “müharibə cinayəti” törədir


Avropa İttifaqının xarici işlər və müdafiə nazirləri Ukraynaya əsassız hücumuna görə Rusiyaya qarşı əlavə sanksiyaları müzakirə etmək üçün Brüsseldə görüşür.

Blokun 27 üzvünün nazirləri martın 21-də keçirilən toplantıda təcili yardım və hərbi əməkdaşlıq məsələlərini də müzakirə edir.

Görüşdən əvvəl Avropa İttifaqının diplomatı Rusiyanın enerji idxalına qadağa qoyulması ilə bağlı məsələnin hələ də həll olunmadığını bildirərək, gələcək sanksiyalarla bağlı qərarın asan olmayacağını deyib.

Görüş qərb müttəfiqləri arasında Ukrayna ilə bağlı toplantılardan əvvəl keçirilir. Belə ki, həftənin sonunda Avropa İttifaqı sammiti, NATO sammiti və Böyük Yeddilər-in (G7) danışıqları planlaşdırılır.

Polşa və Baltikyanı ölkələr Rusiyadan neft və qaz idxalına qadağa da daxil olmaqla, Avropa İttifaqını daha sərt sanksiyalar tətbiq etməyə çalışır. Ancaq Rusiya qazından çox istifadə edən Almaniya və Avropa İttifaqına üzv olan ölkələr buna müqavimət göstərir.

Kremlin sözçüsü Dmitri Peskov martın 21-də qitənin enerji balansına zərbə vuran Rusiya neftinə embarqo qoyulacağı təqdirdə Avropanın da ağır zərbə alacağını bildirib.

Avropa İttifaqının diplomatları dpa xəbər agentliyinə Polşanın da NATO-nun ümumi müdafiə strategiyasında daha çox önəm verilməsini istədiyini deyib.

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov Avropa İttifaqı nazirlərini münaqişənin hazırkı vəziyyəti ilə bağlı məlumatlandıracaq. Tədbirdə Moldovanın baş nazirinin müavini və xarici işlər naziri Niku Popesku da iştirak edir.

Avropa Ittifaqının baş diplomatı Cosep Borrell deyib ki, Rusiya həftələrdir Ukraynanın cənubunda mühasirədə olan liman şəhəri Mariupola hücumu ilə “kütləvi şəkildə hərbi cinayət” törədib.

"İndi Mariupolda baş verənlər hər şeyi məhv edən, bombalayan və öldürən böyük hərbi cinayətdir" - deyə, Borrell Avropa İttifaqı xarici işlər nazirlərinin Brüsseldə keçirilən iclasının əvvəlində bildirib.


XS
SM
MD
LG