Accessibility links

Ukrayna kəndlərinin sakinləri yeni iş yerləri gözləyir, seçkilərə ümidlə baxır


Ukrayna kəndlərinin sakinləri yeni iş yerləri gözləyir, seçkilərə ümidlə baxır
please wait

No media source currently available

0:00 0:03:27 0:00

Ukraynada bazar günü keçiriləcək prezident seçkilərinə son hazırlıqlar gedir. Seçki kampaniyasının ən mühüm mövzularından biri ölkənin tənəzzüldə olan iqtisadiyyatının dirçəldilməsidir. Ölkədə işsizlik səviyyəsi 10 faizə yaxındır. Ən ciddi iqtisadi problemlər isə sovet dövründə ölkənin ən məhsuldar ferma təsərrüfatına malik, lakin hazırda qlobal iqtisadiyyat şəraitində rəqabətə davam gətirməyə çalışan kəndlərdə yaşanır. Bu kəndlərdə əsas problem gənclərin kəndlərdən şəhərə axınıdır.

Podilske kəndində ənənələr güclü olaraq qalır. Kənd məktəbində milli rəqs festivalına hazırlıqlar gedir. Gənc nəslin nümayəndələri arasında əhval-ruhiyyə müsbətdir.

Məktəbin şagirdi Nelya Krişhun: “Bu il biz gimnastika üzrə ölkə yarışlarında yarışdıq və qələbə çaldıq.”

Gənclər Podilskedə güclü qüvvədir. 2015-ci ildə cəmi 24 yaşı olan Artyom Kuxarenko kənd bələdiyyə sədri vəzifəsinə seçkilərə qoşulub və 80 faiz dəstək qazanıb. O, çox sadə bir məqsədə malikdir – gənclərin kənddən axınını dayandırmaq. Bəs növbəti prezidentə onun tövsiyəsi nədir?

“O, yeni iş yerlərinin yaradılmasına diqqət verməlidir”, Artyom Kuxarenko deyir.

Hamı eyni qayğıları bölüşür. Məktəbdə Ukrayna dili müəllimi deyir ki, onun şagirdlərinin çoxu məktəbi bitirdikdən sonra kənddən gedir.

“Aydındır ki, insanlar daha çox pul istəyir, kiçik kəndlərdə belə pespektiv görünmür. Buna görə də çox sayda gənc xaricə gedir.”

Kənd sakini Tatyana Lobçinska: “İnsanlar aşağı gəlirlər və pensiyaların azlığından danışır.”

Podilske sakini Viktor Litsik: “Burada hamı üçün iş yoxdur. İnsanlar da başqa yerə getməli olur.”

Ukrayna torpaqlarının 70 faizi kəndə təsərrüfatı üçün ayrılıb, bunun nəticəsində ixracatdan 18 milyard dollar əldə edilir.

Lakin Artyom Kuxarenko aqro-sənaye müəssisələrinin ailə təsərrüfatı və iş yerlərini tutduğunu deyir. “Bu gün gənclərə nə lazımdır? Ev, başlangıc üçün yaxşı maaşlı iş. Buradakı zəif kredit sistemi təkcə gənclər üçün deyil, imkanı olan insanlar üçün də böyük problemdir.”

Kuxarenko deyir ki, yüksək işsizlik səviyyəsi alkoqolizmə və bəzi sakinlər arasında əqli problemlərin yaranmasına gətirib çıxarır.

Gələcək o qədər işıqlı görünməsə də, məktəbdəki əhval-ruhiyyə bir qədər nikbinlik yaradır.

Anastasiya Rudenko, məktəb şagirdi: “Mən Ukraynadan getmək istəmirəm. Amma mən başqa şəhərə gedib, sonra valideynlərimə baxmaq üçün kəndə qayıtmaq istəyirəm.”

Yuliya Şilova, məktəb şagirdi: “Mən Ukraynada havanın ən çox çirkləndiyi yerlərə getmək və ətraf mühit problemlərinin yaxşılaşdırılması sahəsində işləmək istəyirəm.”

Bu, onların özləri və ölkə üçün böyük ambisiyadır. Lakin kənd icmaları yerli istedadlardan necə istifadə edib, onları necə saxlaya bilər?

Bir ölkə kimi Ukraynanı gələcək illərdə böyük sınaqlar gözləyir. Ölkədəki kiçik kəndlər qarşısında isə ən böyük sınaq onların özlərini qoruyub saxlaya bilməsidir.

XS
SM
MD
LG