Accessibility links

Kiyev Meydanında polislə etirazçılar arasında qarşıdurma olub


Ukraynanın polis qüvvələri çərşənbə axşamı Kiyevdə 2014-cü ildə keçmiş prezident Viktor Yanukoviçin hakimiyyətdən devrilməsinə gətirib çıxaran hadisələrə səhnə olmuş Maydanda karantin məhdudiyyətləri əleyhinə keçirilən nümayişi dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Kiçik müəssisə sahibləri də daxil olmaqla, minlərlə insan hökumətin yanvarın 8-i geniş qeyd olunan Pravoslav Milad bayramından bir gün sonra planlaşdırdığı ölkə boyu koronavirus məhdudiyyətlərinə qarşı etiraz etmək üçün meydana toplaşıb. Polis qüvvələri insanlar meydanda çadır qurmağa başlayarkən müdaxilə edib.

Aprel ayından bəri məhdudiyyətlər əleyhinə keçirilən bu son etirazlar ilk dəfə zorakılıqla nəticələnib. Çərşənbə axşamı keçirilən etiraz aksiyaları pandemiyanın daha da güclənməsi və koronavirus hallarının sayının yerli və regional rəsmilər tərəfindən azaldıldığı barədə geniş yayılmış iddiaların fonunda baş verib.

Ukraynanın qərb və şimal bölgələrindəki şəhər və kənd sakinləri Amerikanın Səsinə deyib ki, ya özləri xəstələndiyi üçün, ya da bəzi hallarda fərdi qoruyucu vasitələr olmadan işləməkdən imtina etdikləri üçün xəstəxanalarda tibb işçiləri çatışmır. Onlar bəzi bölgələrdə xəstəxanaların reanimasiya şöbələrinin dolu olduğunu deyib.

Rəsmilər etirazçılarla qarşıdurmalar zamanı 40 polis işçisinin yaralandığını, etirazçılar bibər qazından istifadə erdiyi üçün bəzi polis işçilərinin gözlərində kimyəvi yanıq olduğunu bildirib.

UNİAN xəbər agentliyinin bildirdiyinə görə, etirazçılar arasında da yaralananlar olub, bəziləri xəstəxanaya yerləşdirilib.

Aprel ayından bəri kiçik sahibkarlar və iş adamları sərt məhdudiyyətlərə və həftələr boyu davam edən karantə qarşı silsilə etiraz nümayişləri keçirərək, bu tədbirlərin yoluxmanın qarşısını almadığı halda, onları dolanışıqlarından məhrum etdiyini bildirir.

Ukrayna rəsmiləri pandemiya başlayandan bəri ölkədə COVID-19 -a 909 000-dən çox yoluxma, təxminən 15 000 ölüm halının qeydə alındığlnı bildirib.

XS
SM
MD
LG