Accessibility links

Zelenski Ukraynada enerji obyektlərinin müdafiəsini gücləndirməyə çağırıb


Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın ölkənin enerji obyektlərinə sistemli şəkildə hücum kampaniyasını bərpa edə biləcəyini nəzərə alaraq Ukraynanın qışa hazırlaşmalı olduğunu bildirib.

"Biz düşmənin infrastrukturumuza pilotsuz təyyarələr və ya raket hücumlarının sayını artıra biləcəyi ehtimalına hazır olmalıyıq. Bütün diqqətimiz müdafiəyə yönəldilməlidir. Xalqımızın bu qışdan daha asan çıxması üçün əlimizdən gələni etməliyik", Zelenski xalqa gündəlik müraciətində deyib.

Ukraynanın energetika naziri German Qaluşenko şənbə günü Ukraynanın qışdan çıxması üçün kifayət qədər enerji ehtiyatına malik olacağını bildirsə də, əlavə edib ki, "məsələ gələcək hücumların (enerji) təchizatına nə dərəcədə təsir edə biləcəyi ilə bağlıdır".

Bu arada Ukrayna hərbi qüvvələrinin nümayəndəsi Rusiyanın Avdiyivkaya hücumlarının son 24 saat ərzində zəiflədiyini, lakin yaxın günlərdə güclənə biləcəyini bildirib.

Ukrayna quru qoşunlarının komandanı, general Aleksandr Sırski Telegram kanalında bəyan edib ki, Rusiya ordusu "Baxmut sektorunda fəallaşıb və itirilmiş mövqelərini bərpa etməyə çalışır".

Ukraynanın kəşfiyyat idarəsinin bazar günü bildirdiyinə görə, Rusiyanın işğalı altında olan Melitopol şəhərində baş verən partlayış nəticəsində Rusiyanın azı 3 hərbçisi həlak olub. İdarə hücumu yerli gizli qruplar tərəfindən törədilən "qisas aktı" adlandırıb.

Ukrayna Müdafiə Nazirliyinin bəyanatında partlayışın şənbə günü Rusiya zabitlərinin şəhərdə keçirdikləri görüş zamanı baş verdiyi deyilib.

“Yerli müqavimət nümayəndələri tərəfindən həyata keçirilən bu qisas aktı rusların ələ keçirdiyi "Novaya Poçta"nın şöbəsində baş verib" - deyə məlumatda bildirilib.

Kəşfiyyatın bəyanatında deyilib ki, şənbə günü yerli hərbi qərargahda keçirilən görüşdə Rusiya Milli Qvardiyasının və Federal Təhlükəsizlik Xidmətinin üzvləri iştirak edib.

Rusiya rəsmiləri hadisə ilə bağlı heç bir açıqlama verməyib. Reuters xəbər agentliyi Ukraynanın bəyanatını təsdiqləyə bilməyib.

Forum

XS
SM
MD
LG