Rusiyanın döyüş gəmiləri çərşənbə günü səhər saatlarında Odesa yaxınlığında hədəfləri bombalayıblar. Bunun Ukraynanın liman şəhərinə hücumun artırıldığına işarə ola biləcəyi deyilir. Ancaq bəzi hərbi strateqlər deyir ki, Rusiya qüvvələri ələ keçirdikləri əraziləri nəzarətlərində saxlamaqda çətinlik çəkirlər və bəzi yerlərdə aparılan şiddətli döyüşlər nəticəsində ələ keçirdikləri əraziləri geri itiriblər və bu da Odesaya hücumu ləngidəcək.
Britaniyanın Müdafiə Nazirliyi döyüşün gedişatı ilə bağlı gündəlik brinfinqində bildirib ki, Rusiya qüvvələri Ukraynanın relyefinin törətdiyi çətinlikləri aşmaqda çətinlik çəkirlər və Rusiya birlikləri əsasən Ukraynadakı yollardan asılıdırlar və yoldan kənarda manevr etməkdən çəkinirlər. Nazirlik bildirib ki, Ukrayna qüvvələri həmçinin körpüləri partlatmaqla Rusiya qoşunlarının irəliləməsinin qarşını ala bilib.
“Ukrayna Silahlı Qüvvələrinin taktikaları Rusiyanın manevr çatışmazlığından məharətlə istifadə edib, Rusiyanın irəliləməsini çətinləşdirib və işğalçı qüvvələrə ağır zərbələr endirib,” Britaniya Müdafiə Nazirliyi bildirib.
Ukrayna prezidentinin müşaviri Mixailo Podolyak çərşənbə günü Twitter-də bildirib ki, “bir neçə əməliyyat bölgəsində” həyata keçirilən əks-hücumlar döyüşən “tərəflərin mövqelərini” dəyişdirib. Ukrayna Prezidentinin bir digər müşaviri Oleksiy Arestoviç deyib ki, Ukraynanın kiçik-miqyaslı əks-hücumları Rusiya qüvvələrinin Kyiv ətrafındakı əsas qaynar nöqtələrdə irəliəyiş əldə edə bilmədiyinə işarə edir və “Rusiya resurslarını tükətdiyinə görə” onların bunu edə bilmək ehtimalı çox azdır.
Arestoviç video brifinqində bildirib ki, Rusiya raketlərinin üçdə ikisi mülki binalar və infrastrukturu hədəf alır.
Ukrayna rəsmiləri bildirib ki, Rusiya qüvvələri Ukraynanın ikinci ən böyük şəhəri olan Xarkiv və ətrafının intensiv şəkildə bombardman etməyə davam edib. Çərşənbə günü Ukrayna paytaxtı Kyivə hücum nəticəsində çoxmərtəbələri yaşayış binası atəşə tuş gəlib və nəticədə yanğın başlayıb. Ukrayna rəsmiləri Rusiyanın 21 gündür davam edən müharibədə 3500 binanı, o cümlədən 200 məktəbi dağıtdığını təxmin edir.
Ukrayna ordusu Rusiyanın fevralın 24-də başlatdığıı hərbi müdaxilə zamanı indiyədək 13800 rus əsgərinin öldüyünü və ya əsir alındığını bildirib. Onlar həmçinin 430 tankı ə 1375 zirehli maşını ya dağıdıb ya da ələ keçirib. Ukraynanın iddiaları müstəqil şəkildə təsdiqlənməyib.
Dördüncü Rusiya generalı, Rusiyanın 150-ci motoatıcı diviziyasının 47 yaşlı komandiri Oleq Mityaevin də öldürüldüyü bildirilir. Kyiv Suriyada döyüşən Mityaevin Mariupol şəhəri yaxınlığında öldürüldüyünü deyib və onun cəsədinin olduğunu iddia etdiyi fotonu paylaşıb.
Moskva onun ölümünü təsdiqləməyib.
Əgər iddia doğrudursa, bu, fevralın 24-dən bəri öldürülən dördüncü Rusiya generalı və 13-cü zabit olacaq.
Hərbi analitiklər yüksək rütbəli zabitlər arasında tələfatın yüksək olmasının səbəbini onların logistik təchizat problemlərini həll etmək və quru qoşunları irəli çəkmək üçün cəbhə bölgəsinə yaxınlaşması ilə izah edir. Moskva martın 2-də yalnız 498 əsgərinin öldüyünü, 1597-nin yaralandığını etiraf edib və o zamandan bəri bu rəqəmi yeniləməyib.
Qərbin müdafiə rəsmilərinin Rusiya hərbçiləri arasında tələfatla bağlı təxminləri Ukraynanın təxminlərindən daha azdır. Onlar 6 min rus əsgərinin öldüyünü təxmin edir ki, bu, iyirmi ildə Əfqanıstan və İraqda ölən ABŞ hərbi qulluqçularının sayına bərabərdir.
Rusiya ordusunun sözçüləri döyüşün gedişatı ilə bağlı fərqli bir görüşə sahibdir və deyir ki, onların qüvvələri son 24 ildə Ukraynanın iki Su-25 döyüş təyyarəsini, bir MiG-29 qırıcı təyyarəsini, habelə dörd dronunu vurub. Rusiyanın Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov həmçinin çərşənbə günü deyib ki, Rusiya qüvvələri son bir gündə Ukraynanın 128 hərbi obyektini dağıdıb .
Müstəqil hərbi müşahidəçilər və strateqlər Britaniya Müdafiə Nazirliyinin dəyərləndirməsi ilə razılaşır və bildirir ki, daha az silah və qoşuna malik Ukrayanın müdafiə qüvvələri Rusiyanın işğalçı qüvvələrini, xüsusilə də Ukraynanın şimal və şərqində məyus edə bilib.
Ukraynanın cənubunda Rusiya qüvvələri daha böyük irəliləyiş əldə edib amma kiçik liman şəhəri olan Mariupolu mühasirə edib, günlərdir susuz, ərzaqsız və elektriksiz buraxsalar da, zəbt edə bilməyiblər. Rusiya həmçinin Ukraynanın Odesadan 120 kilometr şərqdə olan Mikolayiv şəhərini əzmli şəkildə müdafiə etməsi səbəbilə Odesaya doğru irəliməkdə müvəffəq olmayıb. Orada Ukraynanın müdafiəçiləri bir neçə gün öncə yerli hava limanını geri ala biliblər.
Ukrayna və Qərbin hərbi rəsmiləri deyir ki, onlar hələ də Rusiyanın Odesaya hücum hazırladığını düşünürlər və Rusiyanın döyüş gəmiləri sahilə yaxın yerə toplaşmağa başlayıblar. Ruslar üçün bir variant Milolayivi yan keçərək, amfibiya enişi etmək ola bilər.
Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Təşkilatının katibi Oleksiy Danilov ötən həftə deyib ki, Odesaya dənizdən hücum hazırlansa da, pis hava şəraiti səbəbilə təxirə salınıb. Odesa Rusiya hücumuna hazırlıq məqsədilə küçələri döyüş üçün hazırlayıb, sahillərə minalar yerləşdirib.