Vaşinqton şəhərində azı bir kitab mağazasında daha çox insanın Ukrayna barədəki kitabları oxumaq istədiyini görmək olur. Bu maraq Rusiyanın müdaxiləsi başlayandan sonra kəskin şəkildə artıb.
"Bu, Yevgeniya Belorusetsin "Uğurlu fasilələr” kitabıdır. Bu, qısa hekayələr toplusudur və çox populyardır".
Lalan Fovler Vaşinqton şəhərinin mərkəzindəki "Kramers" kitab mağazasına bu yaxınlarda gələnlərdən birini - ukraynalı fotoqraf və yazıçı Evgeniya Belorusetsin Rusiyanın müdaxiləsindən sonra ukraynalıların hekayələrindən bəhs edən kitabının ingilis dilinə tərcüməsini qürurla nümayiş etdirir. Ukraynalı müəlliflərin ingilis dilinə tərcümə edilmiş bu kimi başlıqlı kitabları saysız-hesabsızdır.
Lalan Fovler: "Son bir ildə ukraynalı müəlliflərə daha çox maraq var. Bizdə ukraynalılar tərəfindən yazılmış bədii ədəbiyyat antologiyası olan bir kitabımız var və o, çox populyardır – insanlar sadəcə orada həyatın necə olduğu ilə maraqlanır".
Fovler "Kramers" mağazasının əsas kitab alıcısıdır və o deyir ki, kitabları etz satılan bir neçə müəllif var. Onlardan biri ukraynalı tarixçi Sergey Ploxidir. Lalan Fovler: "Onlar həqiqətən keçmişi öyrənmək istəyirdilər, ona görə də iki ölkə arasındakı münasibətlərin tarixini bilmək üçün "Avropa Qapıları" kitabı çox alındı."
Rusiya Ukraynaya müdaxilə edəndə "Kramers" mağazında müharibəyə həsr olunmuş xüsusi sərgi təşkil edildi. Endryu Cons kimi mağaza menecerləri son vaxtlar Rusiya tarixi və Putin haqqında kitabların da populyar olduğunu deyirlər. Endryu Cons: "Biz Ukrayna tarixi haqda, eləcə də Rusiya tarixi haqda kitabları, xüsusən də Putinin şəxsiyyətinə pərəstişlə bağlı kitabları nümayiş etdirdik və onlar təxminən üç ay ərzində çox yaxşı satıldı".
Fovler deyir ki, müharibədən əvvəl mağazada ukraynalı müəlliflərin kitabları ümumiyyətlə satılmırdı. Bu gün isə onlar seçdikləri müəlliflərə çox diqqət yetirirlər.
"Müdaxilədən əvvəl mən müəllifin haradan olduğunu, Rusiya və ya Ukraynadan olduğunu düşünmürdüm. Mən milliyyət haqqında deyil, sadəcə kitab haqqında düşünürdüm. Ondan sonra mən milliyyət haqqında düşünməyə başladım, çünki bunun müştərilərim üçün maraqlı olacağını bilirdim" - deyə, Lalan Fovler bildirir.
Harvard Universitetinin Ukrayna Tədqiqat İnstitutundan Oleh Kotsyuba deyir ki, nəticədə ukraynalı müəlliflər ABŞ-ın nisbətən qapalı kitab bazarına çıxış əldə edib. "Əvvəla, son vaxtlara qədər insanlar Ukrayna haqqında çox az şey bilirdi. Onlar bilmirdi ki, Ukrayna zəngin və rəngarəng ədəbiyyat və kitab mədəniyyətinə malikdir. Üstəlik, Ukrayna hökuməti ukraynalı yazıçıları və Ukrayna ədəbiyyatının populyarlaşdırılması üçün çox iş görməyib. Bunu dəyişdirmək üçün işlər yalnız bu yaxınlarda görülməyə başlayıb".
Ukraynalı müəlliflərin Vaşinqtonun diplomatik və siyasi mərkəzindən kənarda populyar olub-olmadığı bəlli deyil. Lakin ən azı amerikalılar burada Rusiyanın hərbi müdaxiləsinə qarşı mübarizə aparmağa davam edən ölkə haqqında daha çox bilmək istəyirlər.
Forum