Ukrayna ordusunun bazar ertəsi bildirdiyinə görə, hərbi qüvvələri Rusiyanın Qara dənizdən atdığı üç qanadlı raketdən ikisini, həmçinin Rusiya tərəfindən buraxılan İran istehsalı səkkiz "Şahed" pilotsuz təyyarədən yeddisini vurub.
Bu cür hava hücumları Rusiyanın Ukraynaya müdaxiləsində adi hal olub. Ukrayna rəsmiləri hücumlara qarşı mübarizədə Hava Hücumundan Müdafiə Qüvvələrinin işini yüksək qiymətləndirib.
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Co Baydenlə telefon danışığından sonra bazar günü gecə müraciətində hava hücumundan müdafiə "Patriot" batareyalarının etibarlılığına görə, ABŞ-a "xüsusi minnətdarlığını" bildirib.
Ağ Evin bəyanatına görə, Bayden davamlı təhlükəsizlik, iqtisadi və humanitar yardımlar da daxil olmaqla, ABŞ-ın Ukraynaya sarsılmaz dəstəyini bir daha təsdiq edib.
Zelenski eləcə də Baydenlə, bazar günü Kanadanın baş naziri Castin Trudo və Polşa prezidenti Anjey Duda ilə söhbəti zamanı cəbhə xəttində döyüşlər və Ukrayna qoşunlarının gücləndirilməsi məsələlərini də müzakirə etdiyini bildirib.
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bazar ertəsi Avropa İttifaqını (Aİ) Ukraynaya dəstəyi artırmağa çağırıb. Avropa İttifaqı Ukraynaya hərbi yardımı maliyyələşdirmək üçün istifadə olunan fonda 3,5 milyard dollar əlavə edib.
Kuleba video-konfrans vasitəsilə Avropa İttifaqının Xarici Əlaqələr Şurasının iclasında çıxış edərək, "Aİ-nı Ukraynaya dəstəyi artıraraq, Rusiyanın məğlubiyyətini sürətləndirməyə" çağırdığını bildirib.
Aİ-nin xarici siyasət rəhbəri Cosep Borrell bildirib ki, Ukrayna əsas prioritet olaraq qalır.
"Biz həm avadanlıq, həm də təlim üzrə hərbi dəstəyimizi ikiqat artırmağa davam edəcəyik" - deyə, Borrell Tvitter hesabında yazıb.
Ukraynanın müdafiə nazirinin müavini Hanna Malyar bazar ertəsi Ukrayna qüvvələrinin son bir həftə ərzində ölkənin şərqində müəyyən nailiyyətlər əldə etdiyini, Liman, Baxmut, Avdiyivka və Maryinka bölgələrində şiddətli döyüşlərin getdiyini bəyan edib.
Malyar həmçinin bildirib ki, "son həftə ərzində cənubda əhəmiyyətli dəyişikliklər olmasa da", bu ayın əvvəlində əks-hücum əməliyyatına başlayandan bəri ümumilikdə Ukrayna qüvvələri 130 kvadrat kilometr ərazini azad edib.