Vurulmuş olduğu güman edilən pilotsuz təyyarənin yanında dayanan Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü axşam "Təcavüzkar [Rusiya] terrorunu davam etdirir. Bizə yenə səmadan onların qarğa sürüsü hücum edir" deyib.
"İki gün ərzində 30-dan çox dron buraxılıb. Səmamızın müdafiəçiləri düşmən qarğalarının ölkəyə soxulmasının qarşısını alıb və 23 Şahedi (İran dronu) vurub. Bundan əlavə, Kh-59 hava raketi, iki Ka-52 vertolyotu və bir Su-25 hücum təyyarəsi də metal parçalarına çevrilib" - deyə, prezident bildirib.
Zelenski deyib ki, bu müddət ərzində "Rusiya 4500 raket zərbəsi və 8000-dən çox hava hücumu həyata keçirib. Amma biz döyüşürük, onları daha çox vuracağıq".
İtkilərin olub-olmadığı barədə məlumat verilməyib.
Britaniyanın Müdafiə Nazirliyi cümə günü Rusiyanın Ukraynadakı imkanları ilə bağlı hesabat təqdim edib. Nazirliyin Twitter səhifəsində dərc olunan hesabatda bildirib ki, Rusiyanın Ukraynada döyüşən bəzi bölmələri ehtiyatda olan hərbçilərdən ibarətdir və həmin bölmələrdə kifayət qədər hərbçi yoxdur.
Hesabatda "2022-ci ilin sentyabrında Rusiya zabitlərinin Xerson döyüşlərinə hazırladığı bölmələrin hər biri 6-8 kişidən ibarət olub. Bölmələrdə 100-ə yaxın döyüşçü olmalıdır" deyə, qeyd olunub.
Hesabatda deyilib ki, Rusiyanın Ukraynadakı quru qoşunları "Ukraynada cəbhə xəttinin əksər bölgələrində uzunmüddətli müdafiə mövqeyinə keçir. Bununla bağlı real qiymətləndirmə ondan ibarətdir ki, onlar ciddi kadr çatışmazlığı yaşayır və zəif təlim keçmiş qüvvələri hazırda yalnız müdafiə əməliyyatlarında iştirak etməyə qadirdir".
"Rusiya Ukraynada uzunmüddətli müdafiə xətlərini möhkəmləndirə bilsə belə, onun əməliyyat sxemi həssas olaraq qalacaq," Müdafiə Nazirliyi bildirib.
"Təşəbbüsü bərpa etmək, Ukraynanın irəliləyişlərinə dinamik şəkildə müqavimət göstərmək və öz genişmiqyaslı hücum əməliyyatlarını həyata keçirmək üçün o, daha keyfiyyətli mobil qüvvələr yaratmalıdır" deyilib.
BAEA-nın baş direktoru Rafael Qrossi cümə axşamı deyib ki, müfəttişlər bir neçə gün ərzində Rusiyanın Ukraynanın nüvə materialından "çirkli bomba" hazırlamaq üçün istifadə etdiyini dediyi iki obyektində işə başlamalıdır.
Qrossi Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatında jurnalistlərə "Mən [Ukraynanın] Xarici İşlər naziri [Dmitri] Kuleba ilə bu barədə çox geniş müzakirə apardım. O, belə qənaətə gəldi və mən də razılaşdım ki, şübhələri aradan qaldırmağın ən yaxşı yolu müfəttişlərin gəlməsidir" deyib.
Bir neçə gündür ki, Rusiya rəsmiləri Ukraynanın "çirkli bomba" adlandırılan bomba hazırlamağı və Rusiya ilə münaqişədə istifadə etməyi planlaşdırdığını iddia edir. Ukrayna və onun Qərb müttəfiqləri isə bu ittihamları qətiyyətlə rədd edir və Moskvanın bunu Ukraynadakı müharibədə hansısa eskalasiya üçün "yalançı bayraq" əməliyyatına bəhanə kimi irəli sürdüyünü ehtimal edir.