Ukraynanın Müvəqqəti İşğal Olunmuş Ərazilərinin Reinteqrasiyası Nazirliyinin məlumatına görə, Rusiyanın Ukraynanın onlarla şəhərinə zərbələr endirdiyi və çox sayda mülki vətəndaşı öldürdüyü bir vaxt, Ukrayna ordusu son bir ay ərzində 600-dən çox yaşayış məntəqəsini Rusiya qüvvələrindən geri alıb.
Nazirlik cümə axşamı gecə bildirib ki, Ukrayna qüvvələri Rusiya ordusunun keçən ay ələ keçirdiyi Xarkiv vilayətinin şimal-şərqində 502 yaşayış məntəqəsini, yüksək strateji əhəmiyyətə malik Xerson vilayətində isə 75 yaşayış məntəqəsini azad edib.
Nazirlik Donetsk vilayətində 43, Luhansk vilayətində isə 7 yaşayış məntəqəsinin azad edildiyini bildirib.
"Ukraynanın azad edilmiş əraziləri əhəmiyyətli dərəcədə artıb" - deyə, nazirliyin saytında bildirilib.
Hesabatı müstəqil şəkildə yoxlamaq mümkün olmayıb.
Ukrayna Prezidenti Volodimir Zelenski cümə axşamı gündəlik müraciətində "Rusiya minlərlə səfərbər edilmiş əsgərini cəbhəyə göndərir. Onların ciddi hərbi hazırlığı yoxdur, lakin onların komandanlığının buna ümumiyyətlə ehtiyacı yoxdur. Onlar səfərbər olan rusların müharibədə ən azı bir neçə həftə sağ qala bilmələrini, sonra ölmələrini, sonra isə cəbhəyə yenilərinin göndərilməsini gözləyir. Lakin bu müddət ərzində Rusiya generallarının öz xalqından "topun qarşısına atılan yem" kimi istifadə etməsi müdafiəçilərimiz üzərində əlavə təzyiq yaratmağa imkan verir" deyib.
Zelenski ukraynalıları əsasən də oktyabrın 14-də, ölkə "Ukrayna Müdafiəçiləri Günü"nü qeyd etdiyi zaman Rusiyanın mümkün zərbələrinə qarşı diqqətli olmağa çağırıb.
"Sabah biz bunu mütləq qeyd edəcəyik - hərə öz olduğu yerdə, bu, bizim ən mühüm günlərimizdən biridir. Müdafiə Günü, Ukraynanın Müdafiəçiləri Günü" - deyə, Zelenski bildirib.
O, Beynəlxalq Qırmızı Xaç Komitəsini tənqid edərək, onu ukraynalı hərbi əsirlərin hüquqlarının müdafiəsində fəaliyyət göstərməməkdə günahlandırıb. Zelenski komitəni iyul ayında baş verən partlayış və yanğın nəticəsində onlarla ukraynalı əsirin həlak olduğu, ölkənin şərqində Rusiyanın işğalı altında olan Olenivkadakı düşərgəni də ziyarət etməyə çağırıb.
"Qırmızı Xaçın ilk növbədə mənəvi xarakter daşıyan öhdəlikləri var. Qırmızı Xaç mandadıtı yerinə yetirilməlidir. Qırmızı Xaçın məntiqli olan nə varsa, onu dərhal etməsi lazımdır", Zelenski gecə etdiyi video-müraciətində bildirib.
Rəsmilərin bildirdiyinə görə, oktyabrın 13-də, ardıcıl dördüncü gün Rusiya Ukraynanın onlarla şəhər və qəsəbəsini raketləri və pilotsuz təyyarələri ilə hədəf alıb. Bu hücumlar Ukraynanın cənubundakı Mikolayiv şəhərində 5 nəfərin ölümünə səbəb olub.